“Counter-Strike 2” oyununa “DJ DIESEL” və “Hairitage”in “BANG YOUR HEAD” kompozisiyasının yer aldığı yeni musiqi dəsti (Music Kit) əlavə olunub. “DJ DIESEL” təxəllüsü altında dördqat NBA çempionu və “Los-Anceles Leykers”in sabiq ulduzu Şakil O’Nil çıxış edir.
Yeni trek oyunun əsas menyusundakı musiqini, eləcə də raundların başlanğıc və bitiş səslərini, bombanın geri sayımını və raundun ən dəyərli oyunçusu (MVP) titulunun qazanılması zamanı səslənən himni əvəz edir.
Şakil O’Nilin “Counter-Strike” səhnəsi ilə uzunmüddətli əlaqəsi var. Belə ki, əfsanəvi basketbolçu hələ 2016-cı ildə “ELEAGUE” turniri çərçivəsində “CS:GO”nun reklam çarxında çəkilmişdi. Bundan əlavə, o, “NRG” kiberidman təşkilatının investorlarından biridir.