Qeyb Nyuell öz superyaxtasını 15 nəfərlik oyun otağı ilə təchiz edib

0 comments 1 views

“Valve” şirkətinin həmtəsisçisi Qeyb Nyuell sözün əsl mənasında okeanın ortasında “Grand Theft Auto 6” oynamaq imkanı əldə edib. Onun “Leviathan” adlı superyaxtasında 15 oyun stansiyasından ibarət xüsusi otaq quraşdırılıb və burada Nyuellin özü, qonaqları və heyət üzvləri eyni vaxtda oyun oynaya bilərlər.

“Business Insider” jurnalistləri noyabrın 5-də “SuperYacht Times” nəşrinin gəmi üzrə videotur yayımlamasından sonra yaxtaya diqqət yetiriblər. Təxminən 111 metr uzunluğunda olan “Leviathan”ın oyun zonası təkcə kompüterlər və kreslolarla deyil, həm də tavana quraşdırılmış kameralar, holoqram proyektoru və VR (virtual reallıq) texnologiyaları ilə təchiz olunub.

Məhz “GTA 6″nın relizinin yaxınlaşması fonunda “Business Insider” ehtimal edib ki, Nyuell potensial olaraq yeni oyunu 14 dostu ilə birlikdə elə yaxtanın göyərtəsində keçə bilər. Bununla belə, iş adamı nəşrə reliz günündə “GTA 6” oynamağı planlaşdırdığını təsdiqləməyib.

Elmi tədqiqatlar, heyət üçün ortaq zonalar və 500 milyon dollarlıq dəyər

“Leviathan” gəmisi Nyuellin 2025-ci ildə satın aldığı Niderlandın “Oceanco” şirkəti tərəfindən inşa edilib. Yaxtada hovuz, basketbol meydançası, helikopter meydançası, laboratoriya, dayvinq mərkəzi və digər otaqlar mövcuddur. Gəmi həmçinin Nyuellin elmi tədqiqatlar və dəniz ekspedisiyaları üçün istifadə etdiyi “Inkfish” donanmasının bir hissəsidir.

Jurnalistlər Nyuellin məkanın təşkilinə qeyri-adi yanaşmasını da ayrıca vurğulayıblar. Belə ki, oyun otağı təkcə qonaqlar üçün deyil, həm də ekipaj üzvləri üçün nəzərdə tutulub, yaxtadaxili otaqların bir hissəsi isə göyərtədəki bütün insanlar üçün ortaq zonalar kimi yaradılıb. “Leviathan”ın dəyəri təxminən 500 milyon ABŞ dolları həcmində qiymətləndirilir, “Forbes” isə Nyuellin sərvətini 10 milyard dollardan çox hesablayır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın