“Ubisoft” şirkəti videooyunlarda süni intellekt texnologiyalarının tətbiqinə fokuslanacaq törəmə studiya yaratdığını elan edib. Bu barədə şirkətin son maliyyə hesabatında məlumat verilib.
Yeni studiya “Motherbrain” adını alıb. Hesabatda qeyd olunur ki, bölmə “oyun prosesində innovasiyalar üçün süni intellektdən istifadə” istiqamətində fəaliyyət göstərəcək.
“Yeni əməliyyat modeli” və şirkətdaxili yenidənqurma
“Ubisoft” “Motherbrain” studiyasının təsis edilməsini bu ilin yanvar ayında altı oyunun ləğvi ilə start götürən “yeni əməliyyat modeli” kontekstində qeyd edib. Həmin vaxt şirkət bu dəyişiklikləri “genişmiqyaslı yenidənbaşlatma” adlandırmış və bu çərçivədə “Ubisoft”u janrından asılı olaraq müxtəlif franşizalara fokuslanan ayrı-ayrı “yaradıcılıq evləri”nə bölmüşdü.
Hesabatda bildirilir: “”Motherbrain” oyun prosesində innovasiyalar üçün süni intellektdən istifadə üzrə ixtisaslaşan və bütün tərtibatçılara novator oyun layihələri yaratmağa kömək edən ayrıca törəmə şirkət kimi təsis edilib”.
Xatırladaq ki, daha əvvəl “Ubisoft” Kanada ofislərində çalışan 166 əməkdaşını işdən çıxarmışdı.