Riot Games təşkilatı Talon ilə olan tərəfdaşlıq müqavilələrini rəsmi olaraq ləğv etdiyini açıqlayıb. Bu qərarla təşkilatın komandaları həm VALORANT üzrə VCT Pacific, həm də League of Legends Champion Pacific (LCP) liqalarından çıxarılıb.
Əməkdaşlığın dayandırılmasının əsas səbəbi Talon-un “kifayət qədər maliyyə dayanıqlığını sübut edə bilməməsi” olub. Riot-un bəyanatında həmçinin vurğulanır ki, klub öz oyunçularına maaşları vaxtında ödəmir.
Riot Games-in bildirdiyinə görə, Talon-un VALORANT və League of Legends üzrə oyunçularına “kibersport ekosistemi daxilində digər imkanları araşdırmağa icazə verilir”. Hazırda hər iki liqada təşkilatı əvəz edə biləcək yeni komandalar axtarılır.
Bundan əlavə, Talon hazırda Ubisoft ilə Rainbow Six Siege X Asia Pacific liqasında tərəfdaşdır. Ubisoft klubun maliyyə vəziyyətini araşdırdığını və növbəti qərarların bu analizdən sonra veriləcəyini açıqlayıb.