Amerikalı şərhçi və analitik Eyveri “SVG” Silverman “Dota 2” üçün çıxarılan 7.41f balans yamasını kəskin tənqid edərək təqdim olunan dəyişikliklərin son dərəcə səthi olduğunu və sadəcə qəhrəmanların balanslaşdırılması təəssüratını yaratdığını bildirib.
“Görünüş xatirinə edilən dəyişikliklərə nifrət edirəm”
Ekspert tərtibatçıların yeniləmələrə yanaşmasından narazılığını belə ifadə edib:
“Bu yamanın nə mənası var və o, ümumiyyətlə, nəyi dəyişir? Hələ indiyə qədər bu qədər boş yeniləmə görməmişdim. Bu artıq qıcıq doğurmağa başlayır. Qəzəbli olduğumu demirəm, amma siz insanların səbrini və prinsiplərini sınağa çəkirsiniz. Qəribə hissdir. Mən sadəcə boşluğu doldurmaq xatirinə buraxılan belə yamalara nifrət edirəm.
Tərtibatçılar sadəcə qəhrəmana baxır və düşünürlər: ‘Biz onun qələbə faizini (winrate) bir neçə bənd aşağı salmalıyıq. Onda əslində heç nəyi dəyişmədən nəyi dəyişə bilərik?’ Bax, onlar məhz bunu edirlər. Bütün bu dəyişiklikləri məhz belə qəbul edirəm.
Əslində heç bir şey dəyişmədiyi halda, qəhrəmanı dəyişirmiş kimi göstərməyinizə nifrət edirəm. Bu, hansısa süni intellektin hazırladığı yamaya bənzəyir”.
7.41f yamasının detalları
Xatırladaq ki, sentyabrın 15-də “Valve” şirkəti “Dota 2” üçün 7.41f balans yeniləməsini təqdim etmişdi. Yama çərçivəsində tərtibatçılar bir sıra qəhrəman və əşyaların göstəricilərini cüzi korreksiya etmiş, eləcə də bəzi texniki xətaları aradan qaldırmışdılar. Lakin oyunda heç bir qlobal sistem dəyişikliyi həyata keçirilməmişdi.