CS2-də toksiklik zirvəsi gözlənilməz yaşda: FACEIT araşdırması nəticələri açıqladı

by Nigar Məmmədova
0 comments

FACEIT platformasının CS2 üzrə apardığı son araşdırma oyun icmasında geniş yayılmış stereotipi alt-üst edib. Uzun illər “toksik davranışın əsas səbəbi gənc oyunçulardır” fikri üstünlük təşkil etsə də, yeni statistika tam fərqli mənzərə ortaya qoyur.

Platforma son 12 ay ərzində toksik davranışa görə tətbiq edilən 155 mindən çox bloklama halını analiz edib. Bu məlumatlar oyunçuların yaş qruplarına görə bölünüb və hər 1000 hesab üzrə göstəricilər müqayisə olunub. Nəticədə ən yüksək toksiklik səviyyəsinin məhz 28 yaşlı oyunçular arasında qeydə alındığı məlum olub.

Gənclər daha sakit, böyüklər daha aqressiv?

Araşdırmaya əsasən, toksiklik səviyyəsi yeniyetmə yaşlarından başlayaraq tədricən artır və yetkin yaş dövründə pik həddə çatır. Daha sonra isə bu göstərici yenidən aşağı düşməyə başlayır.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, 13-20 yaş arası oyunçular arasında bloklanma halları xeyli azdır. Bu isə illərdir mövcud olan “toksik gənclər” stereotipinə ziddir.

Mövzu ilə bağlı analitik Aleks “Mauisnake” Ellenberq də maraqlı fikirlər səsləndirib:

“Adətən düşünülür ki, insan yaşlandıqca daha sakit olur. Amma reallıqda əksinədir. Stress, həyat problemləri və oyunlara qaçış kimi faktorlar aqressiyanı artırır”.

FACEIT-in təqdim etdiyi bu məlumatlar göstərir ki, CS2-də toksiklik yaşdan çox davranış və psixoloji faktorlarla bağlıdır. Platforma üçün əsas çağırış isə oyunçuların yaşından asılı olmayaraq bu davranışların qarşısını almaqdır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın