Noyabrın 4-də “Counter-Strike 2” üzrə keçirilən mötəbər “IEM Beijing 2026” çempionatının A qrupunun aşağı şəbəkəsinin finalında “Natus Vincere” (NAVI) və ulduz heyətə malik “Falcons” komandaları üz-üzə gəlib. Üç xəritə davam edən qarşılaşma NAVI-nin 2:1 hesablı iradəli qələbəsi ilə başa çatıb.
Seriya NAVI-nin seçimi olan “Ancient” xəritəsində start götürüb. Bərabər səviyyəli və gərgin mübarizənin sonunda “Falcons” minimal fərqlə üstün gələrək rəqibin pikini öz xeyrinə bağlamağı bacarıb — 11:13.
Lakin “Falcons”un seçdiyi “Inferno”da oyunun ssenarisi tamamilə dəyişib. Müdafiədə və hücumda qüsursuz taktiki hazırlıq nümayiş etdirən Aleksib-in komandası rəqibinə cəmi 4 raund verərək 13:4 hesabı ilə seriyada tarazlığı təmin edib.
Həlledici (desayder) xəritə olan “Mirage”də isə NAVI rəqibinə heç bir şans tanımayıb. Serverdə tam dominantlıq quran kollektiv qarşıdurmanı darmadağınla — 13:3 hesabı ilə tamamlayaraq parlaq qələbəni rəsmiləşdirib.
Xəritələrin yekun xalları:
- Ancient (NAVI-nin seçimi) — 11:13 (“Falcons”)
- Inferno (“Falcons”un seçimi) — 13:4 (NAVI)
- Mirage (Həlledici xəritə) — 13:3 (NAVI)
Komandaların heyətləri:
- Natus Vincere: Aleksib, iM, b1t, w0nderful, makazze
- Falcons: karrigan, NiKo, m0NESY, TeSeS, kyousuke
Bu qələbə sayəsində “Natus Vincere” turnirin pley-off mərhələsinə vəsiqə qazanıb və yarışdakı çıxışını dörddəbir finaldan davam etdirəcək. Məğlubiyyətə uğrayan “Falcons” isə turnirlə vidalaşaraq 7–8-ci pillə ilə kifayətlənib və 54 500 ABŞ dolları məbləğində mükafat əldə edib.
Qeyd edək ki, “IEM Beijing 2026” turniri 2–8 noyabr tarixlərində təşkil olunur və ümumi mükafat fondu 1.25 milyon dollar təşkil edir.