Gözlənilən həyat simulyatoru Paralives rəsmi olaraq “Early Access” (Erkən Giriş) mərhələsində oyunçuların ixtiyarına verilib. 2019-cu ildə müstəqil tərtibatçı Aleks Masse tərəfindən təkbaşına anons edilən layihə, 7 illik inkişaf yolundan sonra tamdəyərli kiçik bir komandaya — “Paralive Studios”a çevrilməyi bacarıb.
Müəlliflər qeyd edirlər ki, oyun hazırda erkən giriş mərhələsində olduğu üçün onun əsas ilham mənbəyi və rəqibi olan The Sims seriyası qədər cilalanmış deyil, lakin maraqlı bir oyun təcrübəsi üçün artıq kifayət qədər kontentə malikdir.
Başlanğıc versiyanın imkanları
Oyunun ilkin versiyası istifadəçilərə geniş azadlıq təqdim edir:
- Dərin personaj redaktoru: Xarici görünüşün ən xırda detallarına qədər (mikro-tənzimləmə) dəyişdirilməsinə imkan yaradır ki, bu da “EA” şirkətinin analoqları ilə müqayisədə kifayət qədər böyük bir üstünlükdür.
- Tikinti və dizayn: Evlərin inşası və daxili dekorasiyası üçün olduqca çevik, rahat alətlər mövcuddur.
- Sosial həyat və kəşfiyyat: Kəşf edilməli böyük bir dünya təqdim olunur. Personajlar işə düzələ, uşaq sahibi ola və dostluqdan tutmuş sevgiyə, hətta düşmənçiliyə qədər müxtəlif münasibətlər qura bilərlər.
Gələcək planlar və pulsuz yenilənmələr
Hazırda oyunda hava şəraiti, fəsil dəyişiklikləri və heyvanlar mövcud deyil, lakin tərtibatçılar bu elementlərin mütləq əlavə olunacağını təsdiqləyiblər. Ən əhəmiyyətli məqam isə odur ki, gələcəkdə çıxacaq bütün yenilənmələr və əlavələr tamamilə pulsuz olacaq.
Açıqlanan rəsmi yol xəritəsinə (roadmap) əsasən, “Paralives”ə mərhələli şəkildə aşağıdakı yeniliklərin əlavə edilməсі planlaşdırılır:
- Hava şəraiti, fəsillər və heyvanlar (erkən girişin ilk iki ili ərzində);
- Nəqliyyat vasitələri və nəsil ağacları (family trees);
- Təqvim sistemi;
- Şəxsi şəhərləri redaktə etmək və yenisini yaratmaq imkanı;
- NPC personajları üçün xüsusi süjet elementləri.