Son yayılan məlumatlara görə, Konami şirkəti “eFootball” futbol simulyatorunun inkişaf strategiyasını köklü şəkildə dəyişməyi planlaşdırır. Söhbət oyunun yenidən ödənişli modelə, lakin bu dəfə “hibrid” formatda qayıtmasından gedir.
İddialara əsasən, oyunçulara iki fərqli versiya təklif oluna bilər:
- Pulsuz (Free-to-play): Mikrotransaksiyaların (oyundaxili alış-veriş) mövcud olduğu alışdığımız standart onlayn rejim.
- Ödənişli (Premium): Bütün funksiyaların aktiv olduğu, nəhayət oflayn rejimlərin və digər eksklüziv imkanların əlavə edildiyi tam versiya.
Konami-nin bu modeli PC, PlayStation və Xbox platformalarına tətbiq etməzdən əvvəl ilk olaraq yeni “Nintendo Switch 2” konsolunda sınaqdan keçirəcəyi bildirilir.
Bu şayiələr Konami-nin bu yaxınlarda işə götürdüyü təxminən 280 yeni əməkdaş haqqında xəbərlər fonunda daha da güclənib. Məlumata görə, yeni kadrların böyük bir hissəsi məhz “eFootball” layihəsinin təkmilləşdirilməsinə cəlb olunub.
Hələlik Konami tərəfindən məsələ ilə bağlı rəsmi bir açıqlama verilməyib.