“The Witcher 3” remaster versiya qazandı | “Songs of the Past” əlavəsi ilk treylerdə nümayiş olundu

0 comments

“CD PROJEKT RED” rəsmən “The Witcher 3: Wild Hunt Remastered” layihəsini təqdim edib. Kult rol oyununun yenilənmiş versiyası 29 sentyabr 2026-cı ildə işıq üzü görəcək. Eyni zamanda studiya 2027-ci ildə çıxışı nəzərdə tutulan yeni ödənişli “Songs of the Past” əlavəsinin (DLC) ilk treylerini nümayiş etdirib.

“Gamescom Opening Night Live” mərasimi zamanı tərtibatçılar “The Witcher 3″ün əldə edəcəyi miqyaslı təkmilləşdirmələri nümayiş etdiriblər. “Remastered” müvafiq platformalarda orijinal oyunun sahibləri üçün ödənişsiz yenilənmə olacaq və təkmilləşdirilmiş qrafika, məhsuldarlıq, eləcə də geympley mexanikaları təqdim edəcək.

Geympleydəki yeniliklər və platformalar

Yeniliklər sırasına yenilənmiş döyüş sistemi, təkmilləşdirilmiş hərəkət və dünya üzrə yerdəyişmə, yeni cadugər (witcher) nişanları effektləri, atın daha yaxşı idarə olunması, canavarların yenilənmiş davranışı, yenidən işlənilmiş bacarıq ağacı, transmroqrifikasiya, genişləndirilmiş foto rejimi, yeni bitirici zərbələr (finisher) və bir çox başqa dəyişikliklər daxildir.

“The Witcher 3: Wild Hunt Remastered” PC, PlayStation 5 və Xbox Series X|S platformalarında çıxacaq. Bundan əlavə, oyun ilk dəfə olaraq “Nintendo Switch 2” üçün nativ versiya əldə edəcək. Ön sifarişlər artıq açıqdır.

“Songs of the Past” əlavəsi, kross-kontent və tərəfdaşlıq

Ayrıca “CD PROJEKT RED” “Songs of the Past” əlavəsini təqdim edib. Əlavənin hadisələri Qeraltı “Letten” adlı yeni regiona aparacaq. Bu, qədim kənd ənənələri, folkloru, bol məhsulu və miqyaslı bayramları olan mənzərəli bir diyardır. Eyni zamanda, yerli sakinlərin qayğısız həyatının arxasında qaranlıq bir sirr gizlənir. Qeralt əvvəllər görünməmiş düşmənlərlə üz-üzə gəlməli və uzun müddət gizli qalmış şərə qarşı mübarizə aparmalı olacaq.

“Songs of the Past” ödənişli əlavə olacaq və 2027-ci ildə PC, PlayStation 5, Xbox Series X|S və Nintendo Switch 2 platformalarında işıq üzü görəcək. Oyunu artıq bəzi platformalarda arzu olunanlar siyahısına (wishlist) əlavə etmək mümkündür.

Bundan əlavə, “The Witcher 3″ün bütün sahibləri artıq bu gündən etibarən oyunun iki orijinal əlavəsinə — “Hearts of Stone” və “Blood and Wine”a pulsuz giriş əldə edəcəklər. Bu, oyunçulara sentyabrda “Remastered” çıxanadək məşhur DLC-ləri keçmək imkanı verəcək.

Digər bir xəbər isə “CD PROJEKT RED”in “Blizzard Entertainment” ilə əməkdaşlığı oldu. “The Witcher 3: Wild Hunt Remastered” və “Songs of the Past” sentyabrın 29-da “Battle.net” platformasında görünəcək. Əlavəni “Blizzard” platforması üzərindən əldə edən oyunçular “Diablo 4” üçün Qeraltdan ilhamlanan xüsusi skin qazanacaqlar. Bonus haqqında daha çox təfərrüatın sentyabrda “BlizzCon” zamanı açıqlanacağı vəd edilir.

“CD PROJEKT RED” “Songs of the Past” əlavəsini rəhbər heyətinə “The Witcher 3″ün tərtibatçı veteranlarının daxil olduğu “Fool’s Theory” studiyası ilə birgə yaradır. “Remastered” üzərində isə komanda artıq “The Witcher 3” ilə iş təcrübəsi olan “Yigsoft” ilə birlikdə çalışır.

“Gamescom” zamanı ziyarətçilər 8.1 zalında “Songs of the Past” və “Remastered” təqdimatlarını izləyə biləcəklər. Sərgiyə şəxsən qatıla bilməyənlər üçün “CD PROJEKT RED” “YouTube” və “Twitch”də xüsusi “REDstreams” canlı yayımları keçirəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın