Türkiyədəki məktəb hücumlarına görə PUBG ittiham olunur: Tərtibatçılardan rəsmi bəyanat

by Nigar Məmmədova
0 comments

2026-cı il aprelin 14-15-də Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərə edilən silahlı hücumlar ölkəni sarsıdıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 30-a yaxın insan isə yaralanıb. Bu faciədən dərhal sonra Türkiyənin sosial media məkanında hücumçulardan birinin aktiv PUBG Mobile oyunçusu olduğu və hadisəni “oyun ssenarisi əsasında” törətdiyi barədə şayiələr yayılmağa başlayıb.

İttihamlar və “C31K” araşdırması

Hadisədən sonra Türkiyədə videooyunlara qarşı ciddi tənqid dalğası başlayıb. Bəzi deputatlar və fəallar gənclər arasındakı aqressiyanı birbaşa PUBG Mobile və oxşar oyunlarla əlaqələndiriblər. Hətta oyunun PC versiyası da hədəfə alınıb, lakin DonanımHaber-in məlumatına görə, şübhəlinin “Steam” hesabında PUBG-nin olmadığı üzə çıxıb.

İttihamların əsas mərkəzində hücumlarla əlaqəli olduğu iddia edilən “C31K” adlı “Telegram” kanalı dayanır. Polis sosial şəbəkələrdə, xüsusən də bu kanal vasitəsilə “cinayəti tərifləmək” ittihamı ilə 80-dən çox şəxsi saxlayıb.

PUBG Mobile Türkiye-nin rəsmi bəyanatı

Yaranmış gərginlik fonunda PUBG Mobile Türkiye rəsmi açıqlama yayaraq hadisədən kədərləndiklərini bildirib:

“Şanlıurfa və Kahramanmaraşdakı təhsil müəssisələrinə edilən hücumlardan dərin sarsıntı keçiririk. İnanırıq ki, məktəblər uşaqlar və gənclər üçün təhlükəsizlik, hüzur və mühafizə rəmzi olmalıdır; bu müəssisələrə qarşı yönəlmiş zorakılığa heç bir halda yol vermirik. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik.

PUBG MOBILE olaraq hər zaman oyunçularımızın təhlükəsizliyini və sağlam, müsbət rəqəmsal mühitin yaradılmasını prioritet hesab edirik. Cəmiyyətin hüzur və təhlükəsizliyini təhdid edən hər cür zorakılığın əleyhinəyik və məsuliyyətli oyun yanaşmamızı qorumağa davam edəcəyik.”

Oyun qadağan ediləcəkmi?

Hazırda oyunun bağlanacağı ilə bağlı şayiələr gəzsə də, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) və ya müvafiq nazirliklər tərəfindən hər hansı rəsmi qadağa qərarı yoxdur.

Lakin Milli Təhsil, Daxili İşlər, eləcə də Ailə və Sosial Xidmətlər Nazirliklərinin koordinasiyası ilə gəncləri zorakılığa sövq edə biləcək rəqəmsal məzmunların yoxlanılması üçün genişmiqyaslı monitorinq prosesinə start verilib. Dövlət qurumları bu cür faciələrin qarşısını almaq üçün internetdəki nəzarəti gücləndirməyi planlaşdırır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın