Çinin Lynn Vision komandası “Hero Esports Asian Champions League” turnirində qalib gələrək “Esports World Cup“a vəsiqə qazanıb.
Şanxayda keçirilən yarışın böyük finalında rəqibi “JiJieHao” kollektivini üstələyən Çin təmsilçisi, əsas turnirə slot qazanmaqla yanaşı, 80 000$ məbləğində mükafatı da aktivinə yazdırıb.
“Hero Esports ACL” 32 komandanın iştirak edəcəyi və ümumi mükafat fondu 2 milyon dollar olan irimiqyaslı “Esports World Cup” turnirinə yeganə regional təsnifat mərhələsidir. Əsas mərhələdən öncə həmçinin 128 komandanın iştirakı ilə LAN-təsnifat mərhələsinin keçirilməsi də planlaşdırılıb.
Turnirin məkanı dəyişdirilə bilər
İlkin plana əsasən, bu mərhələnin 7-23 avqust tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin “GamesBeat” nəşrinin yaydığı məlumata görə, İrandakı münaqişənin gərginləşməsi səbəbindən təşkilatçılar bu böyük multi-geyminq festivalını Fransanın paytaxtı Parisə köçürməyi nəzərdən keçirirlər.
Hazırda bu məkan dəyişikliyinin “Counter-Strike” turnirinə necə təsir edəcəyi qeyri-müəyyəndir. Əgər turnirin yeri rəsmi qeydiyyat müddəti bitdikdən sonra (tier-1 turnirinə 10 ay qalmış) dəyişdirilərsə, bu, oyunun yaradıcısı olan “Valve” şirkətindən xüsusi icazə tələb edəcək. Digər tərəfdən isə tərtibatçılar ötən ilin sonundan etibarən bu növ istisnaların verilməsini tamamilə dayandırıblar.