“TYLOO” komandası böyük finalda “JD Gaming”i 3:1 hesabı ilə məğlub edərək “VCT China 2026 Stage 2” çempionu adını qazanıb. Bu nəticə kollektivə qarşıdakı dünya çempionatında slot təmin edib ki, bu da təşkilat üçün “VALORANT” üzrə ilk beynəlxalq turnir olacaq.
“Champions 2026“da “VCT China” regionunu təmsil edəcək komandalar:
- TYLOO
- JD Gaming
- EDward Gaming
- XLG Esports
“TYLOO”nun kuboka gedən yolu pley-offun aşağı torundan keçib. Qrupunda ikinci yeri tutaraq birbaşa pley-offa vəsiqə qazanan komanda “JD Gaming”ə uduzduqdan sonra aşağı tora düşüb. Elənmək təhlükəsi ilə üz-üzə qalan “TYLOO” ardıcıl olaraq “All Gamers”, “Nova Esports” və “Bilibili Gaming” komandalarını sıradan çıxarıb, həlledici matçda isə “JDG”dən revanş alıb. Qrupda 5-ci olan və “Play-In” mərhələsindən irəliləyən “JD Gaming” üçün finaldakı məğlubiyyət bütün turnir ərzində yalnız ikinci yenilgi olub.
Heyətdəki təcrübəli kiberidmançılar və turnir tarixi
Təşkilatların beynəlxalq arenada debüt etməsinə baxmayaraq, hər iki finalistin heyətində təcrübəli oyunçular yer alır. “TYLOO”nun kapitanı (IGL) Ponq “SiuFatBB” Ka Hei daha əvvəl “Wolves”un heyətində “Masters Toronto 2025″də çıxış edib, komandanın heyətini isə keçmiş CS:GO oyunçusu Sun “slowly” Kelun gücləndirib. Eyni zamanda, “JD Gaming”in şərəfini “SiuFatBB”nin “Wolves”dakı keçmiş komanda yoldaşı Huanq “Yuicaw” Yunq-Çie qoruyur.
“VALORANT Champions 2026” turniri 2026-cı il sentyabrın 24-də Şanxayda başlayacaq. Çin regionunun dörd nümayəndəsi dünyanın ən güclü 12 komandasına qarşı çempionluq uğrunda mübarizə aparacaq.