Braziliyanın “Legacy” kiberidman təşkilatı komandanın kapitanı Andrey “arT” Piovezanın səhhətində ciddi problemlərin yarandığını açıqlayıb. Aşkar edilən xəstəlik səbəbindən kiberidmançı qarşıdan gələn “ESL Pro League Season 24” turnirini buraxmalı olacaq. Klubun rəsmi bəyanatında bildirilir ki, həkimlər “arT”yə meningit diaqnozu qoyublar.
Hazırda mütəxəssislərin nəzarəti altında olan kiberidmançı ən azı 10 gün davam edəcək bərpa kursu keçir. Məhz bu səbəbdən kapitan komanda ilə birlikdə turnirə yola düşə bilməyəcək. Liderin yoxluğunda heyətdə əvəzləyici artıq tapılıb — “stend-in” rolunu komandanın analitiki olan 24 yaşlı braziliyalı Pedro “bobz” Roşa yerinə yetirəcək.
Turnir haqqında məlumat
“ESL Pro League Season 24” turniri 3–11 oktyabr tarixlərində Polşanın Katovitse şəhərində keçiriləcək. Yarışda 1 000 000 dollar məbləğində mükafat fondu uğrunda 16 komanda mübarizə aparacaq.