“Sony” şirkəti “PlayStation Store” rəqəmsal mağazasında hər il ənənəvi olaraq təşkil edilən böyük “Qara Cümə” (Black Friday) endirim kampaniyasına rəsmən start verib. Aksiyanın 2026-cı il noyabrın 30-dək davam edəcəyi bildirilir. Kampaniya çərçivəsində “PS5”, “PS4” və “PS VR2” platformaları üçün nəzərdə tutulan oyunlara, eləcə də əlavələrə və DLC paketlərinə 75%-dək endirimlər tətbiq olunur.
Bir çox irimiqyaslı və səs-küylü relizlərin baza versiyaları endirim siyahısına daxil edilməsə də, onların genişləndirilmiş və xüsusi nəşrləri xeyli aşağı qiymətlərlə təqdim olunub. Xüsusilə “Marvel’s Wolverine” (Digital Deluxe Edition), “The Blood of Dawnwalker” (Eclipse Edition) və “UFC 6” (Ultimate Edition) kimi layihələr sərfəli şərtlərlə oyunçuların ixtiyarına verilib.
Bundan əlavə, kataloqa “Saros” və “007 First Light” oyunlarının genişləndirilmiş versiyaları, həmçinin “Silent Hill: Townfall”, “NBA 2K27”, “Astro Bot” və “Beast of Reincarnation” kimi layihələrin standart buraxılışları daxil edilib.
Kampaniya çərçivəsindəki təkliflər çeşidi 16 noyabr tarixində yenilənəcək. Bəzi xüsusi endirimlər isə yalnız 20 noyabr tarixinədək qüvvədə qalacaq və həmin tarixdən sonra yeni layihələrlə əvəzlənəcək. Nəzərə almaq lazımdır ki, endirimdə olan oyunların tam siyahısı və təklif olunan güzəşt faizləri “PlayStation Network” hesabının qeydiyyatda olduğu regiondan asılı olaraq fərqlənə bilər.