“Counter-Strike 2” bütün dövrlərin ən yaxşı 100 PC oyunu siyahısında 40-cı yeri tutdu: Kiberidman fənləri arasında mütləq lider

0 comments 5 views

ABŞ-nin nüfuzlu ixtisaslaşmış oyun nəşri “PC Gamer” fərdi kompüterlər üçün tarixin ən yaxşı 100 oyununun ənənəvi illik reytinqini dərc edib. Siyahıda 40-cı pillədə qərarlaşan “Counter-Strike 2” reytinqə daxil edilən bütün kiberidman oyunları arasında ən yüksək mövqeni ələ keçirib.

Noyabrın 3-də dərc olunan reytinqdə redaksiyanın ekspert heyəti 300-dən çox oyunu üç əsas parametr üzrə dəyərləndirib: layihənin keyfiyyəti (yekun qiymətin 60%-i), sənaye üçün əhəmiyyəti (20%) və aktuallığı/təravəti (20%).

“Counter-Strike 2” ümumi hesablamada 236.17 bal toplayıb:

  • Keyfiyyət: 7.67 bal
  • Əhəmiyyətlilik: 8.93 bal
  • Aktuallıq/Təravət: 7.43 bal

“PC oyunları dünyasının futbolu”: Jurnalistlərin şərhləri

“PC Gamer” redaksiyasının səsvermədə iştirak edən jurnalistləri “CS2″ni kompüter oyunları aləminin futbolu ilə müqayisə ediblər. Nəşrin yazarı Evan Lahti son illərdəki durğunluğa rəğmən oyunun populyarlığını qorumasına diqqət çəkib:

“Counter-Strike PC oyunçuluğu üçün bütün dünya üçün futbol nədirsə, məhz odur: romantikləşdirilmiş, fundamental və zamanın sınağından çıxmış bir fenomen. Kiberidman sahəsinin son beş ildə yaşadığı ümumi tənəzzül fonunda belə onun rəqabətli səhnəsi inkişaf etməkdə davam edir. Təkcə ötən ay oyunçular bu atıcıda ümumilikdə 627 milyon saat vaxt keçiriblər”.

Redaksiyanın digər əməkdaşı Ceykob Foks hər raundun bənzərsizliyini, oyunun anlaşıqlı təməl mexanikasını və yenilənmiş tüstü qranatlarının dinamik fizikasını xüsusi vurğulayaraq layihənin nə qədər mükəmməl cilalandığını bildirib. Ceyk Taker isə CS2-ni sənayedəki “ən təmiz rəqabətli şuter” adlandırıb.

Digər kiberidman layihələri və reytinqin liderləri

Digər rəqabətli oyunlar arasında CS2-yə ən yaxın göstəricini 55-ci pillədə qərarlaşan “Rainbow Six Siege” nümayiş etdirib. Bundan əlavə:

  • StarCraft 2 — 66-cı yer;
  • Overwatch — 86-cı yer;
  • Deadlock — 100-cü yer.

Maraqlıdır ki, MOBA janrının ən böyük nəhəngləri sayılan “Dota 2” və “League of Legends” ümumiyyətlə ilk yüzlüyə daxil ola bilməyib. Reytinqin zirvəsinə gəlincə, “PC Gamer”ə görə bütün dövrlərin ən yaxşı PC oyunu “Baldur’s Gate 3” seçilib. İlk üçlüyü isə “Disco Elysium” (2-ci yer) və “The Witcher 3: Wild Hunt” (3-cü yer) tamamlayıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın