Monqolustanın “The MongolZ” kollektivi Çində təşkil olunan “IEM Beijing 2026” turnirində tarix yazmaqda davam edir. A qrupunun yuxarı şəbəkəsinin final qarşılaşmasında monqol heyəti Braziliya nəhəngi “FURIA” üzərində 2:1 hesablı parlaq qələbə qazanıb. Bu zəfər Asiya təmsilçisinə mötəbər yarışın birbaşa yarımfinal mərhələsinə vəsiqə qazandırıb.
“Best of 3” (Bo3) formatında keçirilən qarşıdurma monqolların seçimi olan “Inferno” xəritəsində başlayıb. Gərgin taktiki mübarizəyə səhnə olan ilk xəritədə Sodbayar “Techno” Munxboldun parlaq fərdi oyununa (20 fraq, 1.58 reytinq) baxmayaraq, braziliyalılar sonluğu daha inamlı keçiriblər. Daniil “molodoy” Qolubenko (25-13) və Kayke “KSCERATO” Seratonun (24-15) dəqiq atışları sayəsində “FURIA” ilk xəritəni 13:10 xeyrinə bağlayıb.
İkinci lokasiya — “Cache” (FURIA-nın seçimi) matçın qırılma nöqtəsi olub. “The MongolZ” rəqibin pikində oyunu tam nəzarətə götürməyi bacarıb. Monqol heyəti makro-taktikada üstünlük əldə edərək rəqibin müdafiə xəttini darmadağın edib və seriyada tarazlığı bərpa edib (1:1).
Həlledici “Dust2” xəritəsi isə əsl trillere çevrilib. Qarşılaşmanın taleyi faktiki olaraq hər bir klatç raundunda həll olunub. Hesab 12:11 monqolların xeyrinə olarkən Techno B nöqtəsinə bomba quraşdırıb, 910 və cobrazera isə son raundun vacib qətllərini reallaşdıraraq matçı 13:11, ümumi seriyanı isə 2:1 hesabı ilə komandalarının xeyrinə yekunlaşdırıblar.
910-dan fenomenal AWP şousu və matçın qəhrəmanları
“Dust2” xəritəsinin əsas qəhrəmanı monqol snayperi Usuxbayar “910” Banzraqç olub. AWP ilə qüsursuz çıxış edən snayper həlledici xəritəni möhtəşəm statistik göstəricilərlə tamamlayıb:
- Cəmi 9 ölümə qarşı 26 qətl (+17 fərq);
- Raund başına 89.1 orta zədə (ADR);
- 87.5% KAST və 7 multi-kill raundu.
Komandanın liderinə cobrazera (“Dust2″də 17 fraq) və ötürdüyü dəqiq taktikalarla rəqibin hücumlarını iflasa uğradan kapitan bLitz güclü dəstək göstərib. Techno isə soyuqqanlılığı ilə bir daha vacib anlarda komandasını irəli daşıyıb.
“FURIA” heyətində son xəritədə Mareks “YEKINDAR” Qalinskis (21 fraq) müqavimət göstərməyə çalışsa da, komandanın aparıcı fiqurları — KSCERATO (cəmi 7 fraq) və kapitan Qabriel “FalleN” Toledonun (9 fraq) zəif performansı matçı əlavə vaxta daşımağa yetməyib.
“Legacy” (2:1) və “HEROIC” (2:0) üzərindəki qələbələrdən sonra bu nəticə “The MongolZ” üçün turnirdə ardıcıl üçüncü qələbə olub. Asiya təmsilçisi ən azı “top-4” pilləni rəsmiləşdirərək dörddəbir final mərhələsini adlayıb və birbaşa yarımfinala yüksəlib.
Turnirdə ilk məğlubiyyətini alan “FURIA” isə mübarizəni dayandırmır — Braziliya təmsilçisi pley-offa 1/4 final mərhələsindən başlayacaq.