Çinin “Lynn Vision” kiberidman təşkilatı ciddi maliyyə problemləri səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib. Klubun sahibi Den “SoulJeff” Tszyasin bildirib ki, komanda “PGL Singapore Major 2026” turnirinin üçüncü mərhələsinə yüksələ bilməsə, heyəti maliyyələşdirməyə davam etməyi planlaşdırmır.
Strimer EXP-nin sözlərinə görə, təşkilat son illər ərzində Çin yuanı ilə səkkizrəqəmli məbləğdə zərərə uğrayıb. “Valve” şirkətinin etdiyi dəyişikliklərdən sonra stiker satışından əldə olunan gəlirlərin azalması isə klubun maliyyə vəziyyətini daha da ağırlaşdırıb.
Digər mühüm problem Çinin “Counter-Strike” səhnəsinə maliyyə dəstəyinin olmamasıdır. Belə ki, “VALORANT” və “CrossFire” disiplinlərindən fərqli olaraq, yerli CS komandaları tərtibatçılar tərəfindən analoji dəstək almırlar. “SoulJeff” artıq bir neçə ildir ki, klubun bağlanması ehtimalını nəzərdən keçirsə də, hazırda gələcək investisiyalar üçün heç bir perspektiv görmür.
Komandanın meycordakı hazırkı nəticələri
Hazırda “Lynn Vision” “PGL Singapore Major 2026” turnirinin birinci mərhələsində iki görüş keçirib: kollektiv “9z” komandası üzərində 13:11 hesablı qələbə qazanıb, “NIP”ə isə 10:13 hesabı ilə uduzub.
Qeyd edək ki, “PGL Singapore Major 2026” kiberidman turnirinin bütün matçları iş adamı Maksim Krippaya məxsus “Maincast” kanallarında və “Maincast.tv” OTT platformasında pulsuz yayımlanır.