The International 2025-in yarımfinalında Xtreme Gaming-ə məğlub olan PARIVISION komandasının dəstək oyunçusu Andrey “Dukalis” Kuropatkin qarşılaşmadan sonra qalmaqallı açıqlama verib. O, çinli azarkeşlərin oyun zamanı rəqibə kömək etdiyini iddia edib.
Dukalis-in sözləri
“Biz layiqli oyun göstərmək istəyirdik. Təəssüf ki, finala düşə bilmədik, çünki ikinci xəritədə çinli fanatlar rəqib komandaya kömək edirdilər – onlar smoukda olduqda azarkeşlər müəyyən işarələr verirdi. Üçüncü xəritə isə çətin deyildi, sadəcə ikinci Roşanı götürə bilmədik. Vəssalam,” – deyə oyunçu bildirib.
23 yaşlı kiberidmançı əlavə edib ki, bu, onun ilk The International turniri idi və üçüncü yeri qazanmasına baxmayaraq, Dota 2-də karyerasını davam etdirmək niyyətindədir.
Məşqçinin mövqeyi
Komandanın məşqçisi Filipe “Astini” Astini də oyunçunun sözlərini təsdiqləyib: “Çinli azarkeşlər hansısa kasa ilə səs çıxarır, bu da davul səsi və titrəyiş yaradırdı. Mən bunu timspikdə eşidirdim, mikrofonlar kabinənin içində həmin səsləri tuturdu. Üçüncü xəritədə isə bu səs kəsildi – ya əşyaları götürdülər, ya da kabinələrdən uzaqlaşdılar.”