Hollivud ulduzu Ben Afflek videooyunlara və onlayn şuterlərə olan böyük sevgisindən bəhs edib. Aktyor zarafatla etiraf edib ki, yetərincə zəngin oyun təcrübəsinə və fərdi bacarıqlarına güvənməsinə baxmayaraq, virtual döyüşlərdə bəzən özündən qat-qat gənc rəqiblərin asan ovuna çevrilir.
“Mən yetkin kişiyəm!” — Ulduz aktyorun virtual qarşıdurmaları
Afflek qonaq olduğu podkastların birində onlayn oyunlardakı gülməli təcrübələrini belə bölüşüb:
“Mən həddindən artıq çox oynayıram. Davamlı olaraq birinci şəxs baxış bucağından olan şuterlərdəyəm (FPS) və bu işi kifayət qədər yaxşı bacardığımı düşünürəm. Sonra isə 12 yaşlı hansısa məktəbli peyda olur və səni sadəcə yerlə-yeksan edir. Bam-bam-bam — və sən anında ölüsən. Üstəlik, sonra səni alçaltmağa başlayırlar: ‘Sən çox zəifsən! Rədd ol burdan!’ Mən də onlarla mübahisə etməyə başlayıram: ‘Özün rədd ol, mən o qədər də pis oynamıram! Mən yetkin kişiyəm!'”, — deyə aktyor gülərək bildirib.