“Grand Theft Auto V” 17 noyabr 2026-cı il tarixində — çoxdan gözlənilən “GTA 6″nın çıxışına cəmi iki gün qalmış “PlayStation Plus” kataloqundan çıxarılacaq. Bu barədə məlumat “PlayStation Network”də oyunun rəsmi səhifəsindəki yenilənmiş təsvirdə əksini tapıb.
Abunəlik detalları və “GTA Online”
17 noyabr tarixinə qədər “GTA 5” “PlayStation Plus Extra” və “Premium” abunəçiləri üçün “Game Catalog” bölməsində əlçatan olaraq qalacaq.
Göstərilən tarixdən sonra istifadəçilər oyunu abunəlik vasitəsilə işə sala bilməyəcəklər. Kampaniyanı davam etdirmək və ya “GTA Online” oynamaq üçün “GTA 5″in ayrıca rəqəmsal və ya fiziki nüsxəsini satın almaq tələb olunacaq.
“PlayStation” həmçinin xatırladıb ki, növbəti hissə çıxana qədər oyunçuların Los-Santosa qayıtmaq, Franklin, Maykl və Trevorun hekayəsini tamamlamaq üçün hələ bir neçə həftəsi var. Qeyd edək ki, “GTA 6” 19 noyabr 2026-cı ildə rəsmən işıq üzü görəcək.
