BLAST mükafat fondu nəzərə alınmadan bir turnirin təşkilinə bir neçə milyon dollar xərcləyir

by Nigar Məmmədova
0 comments

BLAST-ın icraçı prodüseri Sebastian “Kuno” Qreidholt strimer Maurice “KheZu” Qutmanna müsahibə verib. O, kiberidman turnirlərinin, xüsusən də Dota 2 kimi oyunlarda təşkilatçılığın nə qədər baha və mürəkkəb olduğundan danışıb.

Qreidholtun sözlərinə görə, iri beynəlxalq turnirlər ümumilikdə “bir neçə milyon” dollara başa gələ bilər. O qeyd edib ki, mükafat fondu 1 milyon dollar olsa da, tədbirin özünün təşkili daha baha olur. Bu xərclərə yol xərcləri, məkan icarəsi, texniki avadanlıqlar və işçi heyəti daxildir.

Kiçik studiya turnirinin hazırlanması təxminən iki ay tam iş vaxtı tələb edir, iri arenalarda keçirilən tədbirlər isə üç-dörd ay və ya daha çox vaxt apara bilər. Hər bir tədbirin pərdəarxasında canlı yayım zamanı prosesi idarə edən 20-30 nəfərlik böyük komanda fəaliyyət göstərir.

“Kuno” qeyd edib ki, “BLAST Slam” seriyasının qarışıq formata (yalnız həlledici hissənin LAN mühitində keçirilməsi) keçirilməsi təşkilati xərcləri əhəmiyyətli dərəcədə azaldıb. Sinqapur və Çendu (Çin) kimi şəhərlərdə keçirilən əvvəlki tədbirlər logistikanın nə qədər baha başa gəldiyini göstərib.

Lakin bəzi əlavə xərclər də mövcuddur. Ümumi tədbirin daha uzun çəkməsi və oyunların sayının çox olması yayım vaxtının artması, prodakşn tələblərinin çoxalması və daha çox personalın (şərhçilər və “observer”lər — oyun daxili kameranı idarə edənlər — daxil olmaqla) cəlb edilməsi deməkdir. BLAST yüksək keyfiyyətli istehsala diqqət yetirdiyi üçün bu, ümumi prodakşn xərclərini artırır.

Qreidholt bildirib ki, BLAST-ın xüsusi kommersiya şöbəsi var və onun əsas vəzifəsi sponsorluq və tərəfdaşlıqları təmin etməkdir. Bu komanda hər iki tərəf üçün faydalı ola biləcek brendləri, şəhərləri və digər tərəfdaşları fəal şəkildə axtarır. Turnir operatoru sponsorlara izləyici sayı, unikal izləyicilərin miqdarı və yayımda qalma müddəti kimi rəqəmləri təqdim edir. Bu məlumatlar sponsorların qarşılığında nə əldə edəcəklərini görmələri üçün vacibdir.

O, xüsusilə vurğulayıb ki, Dota 2-də izləyici kütləsinin saxlanılma səviyyəsi çox yüksəkdir, yəni azarkeşlər digər oyunlarla müqayisədə tədbirləri daha uzun müddət izləyirlər. Bu, oyunu sponsorlar üçün cəlbedici edir.

BLAST “titul sponsoru” formatından imtina edib və indi hər biri öz sahəsinə cavabdeh olan bir çox fərqli sponsorla əməkdaşlıq edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın