GrannyGamingz ləqəbli yaşlı qadın strimer, Valorant yayımlarının arxasında duran olduqca təsirli və kədərli hekayəni pərəstişkarları ilə bölüşüb. O, 2023-cü ildə vəfat edən qızının məzarına xatirə abidəsi ucaltmaq və xəstəxanaya qarşı məhkəmə işi açmaq üçün yenidən canlı yayımlara başladığını elan edib.
GrannyGamingz-in “YouTube” platformasında kiçik, lakin sadiq bir auditoriyası var — 3 mindən çox abunəçi və 240-dan çox video. Son zamanlar o, oyunda rütbəsini “Gold”dan “Platinum”a qaldırmağa çalışaraq mütəmadi olaraq saatlarla davam edən canlı yayımlar edir.
Hər şeyin başladığı nöqtə: Brukun arzusu
Stramerin sözlərinə görə, onun ümumiyyətlə oyun yayımları etməyə başlamasının əsas səbəbkarı elə qızı Bruk (Brooke) olub.
“1998-ci ildə Tanrı dualarımı eşitdi və mənə sonsuz sevdiyim gözəl bir qız övladı bəxş etdi. 2023-cü ildə isə xəstəxananın səhlənkarlığı ucbatından onu məndən aldılar. Həyatımda heç vaxt bu qədər dərin bir ağrı hiss etməmişdim”, — deyə o qeyd edib.
GrannyGamingz bildirib ki, məhz Bruk 2022–2023-cü illərdə onu strimerliyə başlamağa inandırıb. Qızı anasının internetdəki mənfi şərhlərin (hate) öhdəsindən gələ biləcəyinə və öz auditoriyasını tapacağına ürəkdən inanıb: “Mən istəksiz də olsa razılaşdım və insanların məni həqiqətən izlədiyini görəndə təəccübləndim”.
Bruk ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi və 2022-ci ilin oktyabrında ona ikinci dəfə böyrək köçürülmüşdü. Daha sonra onda limfoma (xərçəng növü) aşkarlandı və 2023-cü ilin iyulunda o, dünyasını dəyişdi.
Yaşlı qadın iddia edir ki, həkimlər xərçəng diaqnozunu vaxtında qoya bilməyiblər və xəstəlik çox gec aşkar olunub. Lakin bu iddialar hələ ki, müstəqil mənbələr tərəfindən rəsmən təsdiqlənməyib.
Yayımlara geri dönüşün əsas məqsədi
Qızını itirdikdən sonra GrannyGamingz uzun müddət öz “oyun yoldaşı” olmadan kompüter arxasına əyləşə bilməyib. Lakin 2025-ci ilin noyabrında o, qarşısına konkret bir məqsəd qoyaraq yenidən yayımlara başlayıb: qızının xatirəsinə layiq bir abidə düzəltmək.
- Məqsədli yardım: “Mən sırf onun abidəsi üçün yenidən yayımlara başladım. İanələrdən (donation) yığılan bütün pulları kənara qoyuram və heç birini xərcləmirəm”, — deyə strimer bildirib.
- Məhkəmə iddiası: Kədərli ana, həmçinin xəstəxana ilə bağlı hüquqi mübarizə aparmaq üçün 2026-cı ilin iyuluna qədər lazımi dəstəyi və vəsaiti toplamağa ümid edir. O, qızının həyatının hər kəs üçün “əhəmiyyət kəsb etdiyini” vurğulayaraq insanlardan bu hekayəni yaymağı xahiş edir.