“Gamescom” çərçivəsində keçirilən “Opening Night Live” təqdimatında “Square Enix” şirkəti “Final Fantasy 7 Revelation” oyununun yeni treylerini nümayış etdirib. Rolik oyunun ən mürəkkəb hissələrindən birinə — “Weapons” (Silahlar) bədheybətləri ilə döyüşlərə həsr olunub.
Oyunun rejissoru Naoki Hamaquçi remeyk trilogiyasının final hissəsi haqqında şəxsən məlumat verib. Videoda oyundakı ən təhlükəli əlavə bosslardan olacaq Emerald, Ruby və Ultima Weapon nümayış etdirilib. Rufus Şinra onları “silah adlandırılan nəhəng bədheybətlər” kimi təsvir edir.
Tərtibatçılar Kloud və onun müttəfiqlərinin bu rəqiblərlə döyüşlərindən parçalar da göstəriblər. Orijinal “Final Fantasy 7″də olduğu kimi, hər bir “Weapon” özünəməxsus xüsusiyyətlərə və məhdudiyyətlərə malik olacaq. Məsələn, oyunçu müəyyən “Materia”dan istifadə etməzsə, Emerald Weapon ilə döyüş 20 dəqiqədən çox çəkə bilməz. İndi tərtibatçılar bu qarşıdurmaların unikal mexanikalarını remeykin dinamik döyüş sisteminə köçürməlidirlər.
“Final Fantasy 7 Revelation” haqqında nə məlumdur?
“Square Enix” trilogiyanın üçüncü hissəsinin adını bu ilin yayında “Summer Game Fest” zamanı rəsmən elan etmişdi. Oyun 2020-ci ildə “Final Fantasy 7 Remake” ilə başlayan hekayənin yekunu olacaq.
Əsas yeniliklərdən biri “Highwind” dirijablını idarə etmək və açıq dünyanı sərbəst araşdırmaq imkanı olacaq. Oyunçular yüklənmə ekranları olmadan dirijabldan tullanaraq paraşütlə yerə enə biləcəklər. Oyuna “Remake” və “Rebirth”dən tanış olan loqasiyalar qayıdacaq, həmçinin yeni ərazilər, xüsusən də Vutay (Wutai) peyda olacaq.
Naoki Hamaquçi “Revelation”ın “Rebirth”dəki kimi həddindən artıq kontent axınına malik olmayacağını bildirib. Vinsent Valentaynın səsləndirmə aktyoru Mett Merserin sözlərinə görə, yeni hissədə döyüş sistemi təkmilləşdirilib. Vinsent və Sid nəhayət tamhüquqlu oynanıla bilən personajlara çevriləcəklər.
Həmçinin “Gold Saucer” geri qayıdır və bu dəfə “Queen’s Blood” kart oyunu üçün əsas mərkəzlərdən birinə çevriləcək. Eyni zamanda tərtibatçılar bütün trilogiyanın ən çətin döyüşlərini, xüsusən də “Weapons” ilə qarşılaşmaları vəd edirlər.
Hekayənin finalına gəlincə, Hamaquçi komandanın oyunçuların rəylərinə görə ilkin planı dəyişmədiyini qeyd edib. Onun sözlərinə görə, tərtibatçılar ən başından trilogiyaya dair aydın baxışa malik olublar və ona riayət etməyə davam edirlər. Əvvəlki hissələrin orijinal oyunun hadisələrini necə yenidən şərh etdiyini nəzərə alsaq, azarkeşlər “Revelation”da onları hansı süjet dönüşlərinin gözlədiyini və Kloud ilə müttəfiqlərinin öz taleyini dəyişə biləcəyini hələ də bilmirlər.
“Final Fantasy 7 Revelation” 2027-ci ilin yazında Nintendo Switch 2, PlayStation 5, Windows PC və Xbox Series X platformalarında işıq üzü görəcək.