İstanbul “PUBG Global Championship 2026″ya ev sahibliyi edəcək: Yeni format və dəyişən mükafat fondu

by Nigar Məmmədova
0 comments

“KRAFTON” şirkəti PUBG üzrə builki dünya çempionatı — PUBG Global Championship (PGC) 2026 turnirinin təfərrüatlarını açıqlayıb. Dünyanın ən güclülərini bir araya gətirəcək turnir 1-13 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Turnirin baza mükafat fondu 1.5 milyon dollar təşkil edir və bura ənənəvi olaraq azarkeşlərin oyun daxili alışları (kraudfandinq) sayəsində toplanan vəsait də əlavə olunacaq. Lakin bu il təşkilatçılar mühüm bir yenilik tətbiq ediblər: icma tərəfindən yığılan əlavə vəsaiti yalnız turnirin finalında ilk 8-liyə daxil olan komandalar əldə edəcək. Əsas fondun 1,310,000 dolları yekun reytinqə görə təminatlı ödənişlərə, 190,000 dolları isə fərqlənən unikal oyun epizodlarına görə xüsusi mükafatlara ayrılacaq.

Yeni seçim sistemi və slot bölgüsü

Bu il “KRAFTON” seçim sistemini əsaslı şəkildə yeniləyib. Komandaların mövsüm ərzində göstərdiyi nəticələr birbaşa onların PGC-yə hansı mərhələdən başlayacaqlarına təsir edəcək və bu da regional yarışların əhəmiyyətini artırır.

Çempionatda iştirak edəcək ümumi 32 vəsiqə regionlar arasında aşağıdakı kimi bölüşdürülüb:

  • Qlobal kvotalar (PGS): 8 slot
  • Amerika, Çin, EMEA: hər region üçün 4 slot
  • Cənubi Koreya, Tailand, Vyetnam: hər region üçün 3 slot
  • APAC: 2 slot
  • Wildcard: 1 slot (ev sahibi ölkə üçün xüsusi dəvət)

Mövsüm ərzində toplanan xallardan asılı olaraq ən yaxşı 8 kollektiv birbaşa Böyük Finala (Grand Final) vəsiqə qazanacaq. Növbəti 8 komanda mübarizəyə “Survival Stage”in ilk günündən, yerdə qalan 16 kollektiv isə təsnifat mərhələsindən başlayacaq.

PGC 2026 turnirinin formatı:

  • Təsnifat mərhələsi (1 dekabr): İlk gün 16 komanda növbəti mərhələyə keçmək üçün mübarizə aparacaq. Top-8 kollektiv “Survival Stage”in birinci gününə, son 8-lik isə ikinci gününə yollanacaq.
  • Sağ qalma mərhələsi (Survival Stage – 2-6 dekabr): 16 komandanın iştirakı ilə hər gün matçlar keçiriləcək. İlk dörd gün ərzində hər günün lideri olan komanda avtomatik olaraq finala vəsiqəni təmin edəcək. Sonuncu — beşinci gündə isə yerdə qalan iştirakçılar son 4 final vəsiqəsi uğrunda yarışacaqlar.
  • Böyük Final (Grand Final – 11-13 dekabr): Çempionatın kulminasiya nöqtəsində dünyanın 16 ən güclü komandası 15 həlledici matç oynayacaq. Bu final seriyasının nəticələrinə əsasən “PUBG Global Championship 2026” kubokunun sahibi və dünya çempionu müəyyənləşəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın