Fransalı keçmiş peşəkar Counter-Strike oyunçusu və strimer Malek “maleK” Bennuiva 35 yaşında faciəvi şəkildə həyatını itirib.
Hadisə 26 sentyabr axşam saatlarında Eks-an-Provans şəhərində baş verib. Kiberidmançının keçmiş sevgilisi ondan narahatedici mesaj aldıqdan sonra onun intihar niyyəti barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Saat 20:00 radələrində polis əməkdaşları silahlanmış kiberidmançının özünü barrikadaya aldığı evə gəliblər. Polis və xüsusi təyinatlı RAID bölməsi bir neçə saat ərzində danışıqlar aparsa da, o, özünə atəş açıb və aldığı ağır xəsarətlərdən səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Kiberidman karyerası və striminq
Kiberidman karyerasına 2011-ci ildə “CS:Source” ilə başlayan Malek “maleK” Bennuiva Fransa CS:GO səhnəsinin tanınmış simalarından birinə çevrilmişdi. O, “beGenius” və “Epsilon” kimi komandaların şərəfini qoruyub.
Oyunçu karyerasını bitirdikdən sonra özünü tamamilə striminqə və kontent istehsalına həsr edən kiberidmançı “YouTube”da 130 mindən, “Twitch”də isə 155 mindən çox izləyici toplamağı başarmışdı.