Amerikalı analitik Aleks “Mauisnake” Ellenberq CS2 səhnəsində çıxış edən Falcons komandasının mövcud vəziyyəti barədə kəskin fikirlər səsləndirib. O, bu layihənin yarandığı ilk gündən etibarən uğursuzluğa düçar olduğuna əmindir.
Analitik bu barədə “Last Free Nation Counter-Strike” “YouTube” kanalındakı podkast zamanı danışıb:
“Falcons ən başından uğursuzluğa məhkum idi. Və bu, onların mövcudluğu boyu belə də davam edəcək. Onlar həmişəlik bir uğursuzluq olaraq qalacaqlar. Bu uşaqların xilas olması üçün mən heç bir şans görmürəm.”
Səudiyyə Ərəbistanı kiberidmandan çəkilə bilər?
Mauisnake komandanın gələcəyini Səudiyyə Ərəbistanının dövlət investisiya fondu (PIF) ilə əlaqələndirərək layihənin tezliklə bağlana biləcəyini qeyd edib:
“Təşkilat qapanana qədər Falcons uğursuz layihə olaraq qalacaq. Çünki LIV Golf layihəsində baş verənlərə və dövlət investisiya fondunun artıq oradan necə çıxdığına baxdıqda, onların kiberidman sahəsini də tərk edəcəyini ehtimal edirəm. Onların burada çox tab gətirəcəyini zənn etmirəm.”