“OG” kiberidman təşkilatı CS2 üzrə heyətində miqyaslı yenidənqurma işlərinə başlayır. Fransanın “La Source” nəşrinin verdiyi məlumata görə, klub yeni komandanı yenidən kapitan (IGL) öhdəliklərini üzərinə götürəcək Aleksandr “bodyy” Pianaronun ətrafında formalaşdırmağı planlaşdırır.
Onunla yanaşı, baş məşqçi Lambert “Lambert” Prijan da postunu qoruyub saxlayacaq. Həmçinin isveçli oyunçu Olle “spooke” Qrundstremin də heyətdə qalmaq ehtimalı yüksəkdir.
Gedənlər və uğursuz transfer cəhdi
Təcrübəli kapitan Kasper “cadiaN” Meller və Luka “pr1metapz” Voyqt artıq təşkilatın gələcək planlarına daxil deyillər. Bundan əvvəl isə “OG” heyətini tərk edən Adam “adamb” Onqstrem “Ninjas in Pyjamas” sıralarına qoşulmuşdu.
Mənbələrin məlumatına görə, “OG”nin yenidənqurma prosesindəki ilkin planı Fransanın “3DMAX” təşkilatının oyunçu nüvəsini (core) rənglərinə bağlamaq olub, lakin bu danışıqlar uğursuzluqla nəticələnib.