“StarSeries Fall”da səs-küylü sensasiya: “NRG” “MOUZ”u məğlub etdi

0 comments

ABŞ təmsilçisi “NRG” Barselonada keçirilən “StarLadder StarSeries Fall 2026” turnirinin ilk matçında böyük sensasiyaya imza atıb. Autsayder statusunda olan komanda dünyanın ən güclü kollektivlərindən biri sayılan “MOUZ” üzərində 2:1 hesabı ilə sürpriz qələbə qazanıb.

Bu zəfər sayəsində “NRG” qlobal VRS reytinqində 129 xal qazanaraq birdən-birə 18 pillə irəliləyib və 33-cü yerə yüksəlib. “MOUZ” üçün isə bu məğlubiyyət 31 xal itkisi və dünya reytinqində 4-cü sıraya geriləmək demək olub.

Xəritələrin nəticələri və matçın gedişatı

Seriya Cache xəritəsində başlayıb; burada “MOUZ”un geri dönüş (comeback) cəhdlərinə baxmayaraq, “NRG” oyunun axarını nəzarətdə saxlayaraq rəqibinin seçdiyi xəritədə qələbə qazanıb. Inferno xəritəsində isə “MOUZ” rəqibini 13:5 hesabı ilə darmadağın edərək ümumi hesabı bərabərləşdirib.

Qarşılaşmanın taleyi Dust2 xəritəsində həll olunub. “NRG” hücum tərəfində ilk hissəni inamlı keçirib, “MOUZ” isə müdafiədə olduqca zəif görünüş sərgiləyib. İkinci hissədə “MOUZ” ardıcıl 6 raund qazanaraq intriqanı bərpa etməyə çalışsa da, “NRG” oyunun sonluğunu öz xeyrinə tamamlamağı bacarıb.

Bu nəticədən sonra “MOUZ” turnirin aşağı toruna düşüb. “NRG” isə yarışın ilk yarımfinalçısı olaraq “NAVI” – “Aurora” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın