“Sony” şirkəti “PlayStation” istifadəçiləri üçün səsli və yazılı çatlara daxil olmaq üçün məcburi yaş təsdiqi sistemini tətbiq edəcək. Bu barədə “Insider Gaming” portalı “PlayStation” istifadəçilərinə göndərilən rəsmi e-poçt məktublarına istinadən məlumat yayıb.
Məlumata görə, yaşın yoxlanılması prosesi qlobal miqyasda həyata keçiriləcək. Əgər oyunçu yaşını təsdiqləməkdən imtina edərsə, o, konsolun digər xidmətlərindən yararlanmağa davam edə biləcək, lakin səsli və mətn çatlarına girişi tamamilə itirəcək. “PlayStation” hələlik bu yoxlama prosesinin rəsmi olaraq hansı tarixdən etibarən qüvvəyə minəcəyini açıqlamayıb.
Qeyd edək ki, son zamanlar “Discord” və “Roblox” kimi populyar platformalar da bənzər təhlükəsizlik tədbirləri tətbiq ediblər. Bu addımların əsas məqsədi onlayn oyun icmalarında gənc auditoriyanın təhlükəsizliyini artırmaq və onları arzuolunmaz məzmunlardan qorumaqdır.
