Valve yeni Steam Controller təqdim etməyə hazırlaşır: Gizli video sızdı

by Nigar Məmmədova
0 comments

Belə görünür ki, Valve şirkəti yeni “Steam Controller” cihazını satışa çıxarmağa tam hazırdır. İstifadəçilər şirkətin rəsmi bazasına “Steam Controller unboxing” (qutunun açılışı) adlı video yüklədiyini fərq ediblər. Lakin video hazırda “gizli” (private) statusda olduğu üçün onu izləmək mümkün deyil.

Sözügedən video SteamDB portalı vasitəsilə aşkar edilib. Videonu oxutmağa cəhd etdikdə, çarxın hələ yayım üçün emal edilmədiyi barədə bildiriş çıxır.

Tanınmış insayder Brad Lynch-in fikrincə, bu addım cihazın rəsmi təqdimatının çox yaxında baş tutacağından xəbər verir. O, daha əvvəl şirkətin idxal sənədlərində “fərdi kompüterlər (PC) üçün simsiz kontroller” qeydinə rast gəlindiyini də diqqətə çatdırmışdı. Bütün bu faktlar bir araya gəldikdə, relizin artıq “qapıda” olduğu bəlli olur.

Hələlik nə kontrollerin, nə də yeni “Steam Machine” konsolunun qiyməti rəsmən açıqlanmayıb, lakin yaxın günlərdə qiymət siyasəti barədə məlumatların sızacağı gözlənilir.

Yayılan video həm də bir maraqlı məqamı gücləndirir: Valve “Steam Controller”i konsoldan asılı olmayaraq, ayrıca bir məhsul kimi bazara çıxara bilər. “Steam Machine” sisteminin özünün relizi ilə bağlı hələlik ciddi bir əlamət yoxdur. Bunun əsas səbəbi kimi qlobal komplektləşdirici hissələr bazarındakı mürəkkəb vəziyyət göstərilir.

Kontrollerin ayrıca satışa çıxarılması, hətta onun əsas cihazdan daha əvvəl istifadəçilərə təqdim edilməsi PC oyunçuları üçün kifayət qədər müsbət və maraqlı yenilik hesab olunur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın