“Team Falcons” komandasının CS2 üzrə üzvü Finn “karrigan” Andersen “HLTV.org” portalına verdiyi müsahibədə komanda yoldaşı İlya “m0NESY” Osipovun oyunu haqqında fikirlərini bölüşüb.
“Düzünü desəm, o, sadəcə ağlasığmaz bir oyunçudur. Hesab edirəm ki, m0NESY indiyə qədər birlikdə oynadığım ən güclü snayperdir. O, inanılmaz dərəcədə sürətlidir və raundun gedişatında çox çevik düşünür. Mənim üçün əsas məsələ onun bu yaradıcı zəkasını necə tam ortaya çıxarmaq idi.
Məsələn, elə vəziyyətlər olur ki, o, rotasiyaya (yerini dəyişən rəqiblərə) nəzarət etdiyini deyir. Mən dərhal onun hansı istiqaməti bağladığını anlamalı və onun verdiyi məlumata əsasən raundun ortasında yeni qərarlar verməliyəm. Aramızdakı söhbətlərdən hiss olunur ki, o, artıq məni və mənim raundun ortasında nə istədiyimi çox yaxşı başa düşür. Özü də proseslərin necə inkişaf edəcəyini və ya mənim nə düşünəcəyimi qabaqcadan təxmin etməyə çalışır”, — deyə kiberidmançı bildirib.
Karrigan həmçinin vurğulayıb ki, aralarında artıq unikal bir “kimya” yaranıb:
“O, diqqətimi tam cəmlədiyim bir oyunçudur. Onu sadəcə açılış killəri (entry kills) ilə məhdudlaşdırmayıb, fərqli oyun vəziyyətlərinə daxil etməyə çalışıram. Başlanğıc duellərini onsuz da qazanır, əsas məsələ ona komanda oyunu daxilində daha maraqlı imkanlar yaratmaqdır: bəzən sistemdən kənar çıxmaq, bəzən isə arxa plana keçib qumbaralarla kömək etmək. O, hər şeyi bacarır, lakin məncə, onun ən böyük gücü kreativliyidir. Bəli, o sürətlidir, amma xüsusilə 3v3 və 4v4 vəziyyətlərindəki yaradıcılığı ilə seçilir. Mən də ondan öyrənməyə, onun oyun vizyonuna uyğun olaraq öz əmrlərimi və koordinasiyamı təkmilləşdirməyə davam etmək istəyirəm. O, həqiqətən inanılmaz bir oyunçudur”.