“T1” kiberidman təşkilatı zərərli marketinq bölməsindən mənfəətli şirkətə uğurla çevrilərək illik gəlirini 2019-cu ildəki 1 milyon dollardan ötən il 64 milyon dollara çatdırıb. Bu transformasiya 2019-cu ildə ABŞ-ın “Comcast Spectacor” şirkəti ilə tərəfdaşlıq sayəsində start götürüb və komandanı “SK Telecom”un reklam alətindən müstəqil bir biznesə çevirib.
Yeni maliyyə strategiyası və merçendayzinq
Yeni maliyyə strategiyası və merçendayzinqə (atributika satışı) edilən mərc şirkətə sabit gəlir mənbəyi tapmağa imkan verib. İlkin mərhələdə “T1” yüksək marjalı sponsorluq müqavilələrinə diqqət yetirsə də, rəhbərlik iqtisadi böhranlar zamanı yaranan risklərə görə bu istiqamətin qeyri-sabit olduğunu tez anladı.
Gözlənilmədən ən böyük gəlir mənbəyi firman geyimlərinin və suvenirlərin satışı oldu. Bu da Qərb kiberidman brendlərinin nümunəsində olduğu kimi maliyyə dayağını birbaşa sadiq azarkeş bazasına keçirməyə imkan verdi.
Oflayn layihələr şirkətin mənfəətə çatmasında həlledici amilə çevrildi. “Homeground” layihəsi LCK-nın yerli matçlarını 400 yerlik standart arenadan 12 000 – 15 000 tamaşaçı tutumu olan stadionlara keçirməyə imkan verdi ki, bu da təşkilata yalnız bir həftəsonu ərzində milyonluq mənfəət gətirir. Paralel olaraq “T1” Cənubi Koreyada “Basecamp” adlı premium kompyuter klubları şəbəkəsini genişləndirir, lakin Qərbdə sosial qeyminq (PC bang) mədəniyyətinin olmaması səbəbindən bu modeli orada tətbiq etməkdən imtina edir.
Kiberidman intizamlarına seçici yanaşma
Kiberidman intizamlarına seçici yanaşma maliyyə imkanları artıq maneə olmasa belə, brendin premium statusunu qoruyub saxlamağa kömək edir. Təşkilat “Dota” və “Hearthstone” layihələrindən çıxıb və prinsipial olaraq “Counter-Strike” heyəti yaratmaqdan imtina edir. Çünki bu oyunun iqtisadiyyatı bukmeker kontorlarının sponsorluğundan asılıdır ki, bu da “T1″in dəyərlərinə ziddir. “League of Legends” isə şirkət üçün mütləq prioritet olaraq qalır.
Kiberidman modelinin gələcəyinə gəlincə, icraçı direktor (CEO) Col Marş (Joe Marsh) klassik franşiza sistemindən uzaqlaşmağın zəruri olduğunu düşünür. O, aparıcı təşkilatların öz arenalarında miqyaslı beynəlxalq turnirləri müstəqil şəkildə təşkil edəcəyi “qolf modelinə” keçməyi təklif edir və mövsümlərarası dövrdə dünyanın ən yaxşı komandalarını öz tədbirlərinə dəvət edərək bu formatı sınaqdan keçirməyi planlaşdırır.