Fransa kiberidman nəhəngi “Vitality” CS2 üzrə “StarLadder StarSeries Fall 2026” turnirinin qalibi olub. Həlledici böyük final qarşılaşmasında komanda “Aurora” kollektivini 3:1 hesabı ilə üstələyib.
Uzun müddət dünya reytinqinin zirvəsində qərarlaşan “Vitality” forma enişi və Uilyam “mezii” Merrimanın müvəqqəti yoxluğu səbəbindən cari ilin may ayından bəri titulsuz qalmışdı. Lakin Barselonada keçirilən yarışda fransızlar bu uğursuz zənciri qırmağı bacarıblar.
Bir gündə 6 xəritə və ZywOo-dan fantastik performans
Çempionluq yolu “Vitality” üçün son dərəcə yorucu keçib: final günündə komanda əvvəlcə konsolidasiya finalında “FURIA”ya qarşı gərgin matç keçirib, dərhal sonra isə böyük finala yollanıb. Beləliklə, kollektiv bir gün ərzində ümumilikdə 6 xəritədə mübarizə aparıb.
Zəfərin əsas memarı komandanın ulduz snayperi Matye “ZywOo” Erbo olub. O, turniri inanılmaz 1.50 reytinq göstəricisi ilə başa vurub.
Bu titul “Vitality” üçün mayın 3-də qazanılan “BLAST Rivals” çempionluğundan sonra ilk trofeydir. Qələbə, “ESL Pro League” və ardınca keçiriləcək Sinqapur Meycoru öncəsi komandanın optimal formasına qayıtdığının vacib göstəricisidir.