“Counter-Strike 2” üzrə “PGL Major Singapore 2026” turnirinin təşkilatçısı “PGL” çempionat iştirakçıları arasında bəyan edilmiş maraqların toqquşması hallarının rəsmi siyahısını dərc edib. Sənəddə oyunçuların icarə müqavilələri, digər təşkilatda pay sahibliyi və kiberidmançıların ortaq şirkəti ilə bağlı ümumilikdə yeddi hal qeyd olunub.
Qeydə alınmış maraqların toqquşması halları
- SYPH0 30 dekabr tarixinədək “Team Spirit”dən icarə əsasında “Nemiga”nın heyətində çıxış edir;
- ArtFr0st 31 dekabr tarixinədək “BB Team”dən “The One” komandasına icarəyə verilib;
- arT “FURIA” təşkilatında 1%-dən az paya sahibdir;
- JBOEN 31 dekabr tarixinədək “BIG”dən icarə əsasında “FaZe Clan”ın heyətində oynayır;
- dgt 31 dekabr tarixinədək “paiN Gaming”dən “9z” komandasına icarəyə verilib;
- Ehtiyat oyunçu xeedo “K27” klubundan “The One” komandasına təcili icarə (emergency loan) əsasında cəlb olunub;
- “HEROIC” oyunçusu susp və “NIP” təmsilçisi adamb maaşlarını və mükafat pullarını aldıqları “AdamTim Performance AB” şirkətinə birgə sahibdirlər.
Sənəddə arT ilə bağlı xüsusi qeyd yer alıb: braziliyalı oyunçu mövcud opsionundan istifadə etsə belə, onun “FURIA”dakı payı 1%-dən aşağı olaraq qalacaq. Eyni zamanda, kiberidmançının klubda heç bir idarəetmə hüququ və ya məxfi məlumatlara çıxışı yoxdur.
“PGL” əksər hallar üzrə əlaqədar tərəflərdən imzalanmış rəsmi bəyannamələri əldə edib. BIG, paiN Gaming və K27 klubları isə turnirdə iştirak etmədikləri üçün ayrıca bəyannamə təqdim etməyiblər. Xatırladaq ki, “PGL Major Singapore 2026” 24 noyabr tarixində start götürəcək.