“BC.Game” kiberidman təşkilatı Denis “electroNic” Şaripovu rəsmən ehtiyat skamyaya keçirdiyini elan edib. Mənbələrin verdiyi məlumata görə, tezliklə onun yerini “THUNDER dOWNUNDER” komandasının oyunçusu Tayson “asap” Paterson tutacaq.
Asiya nüvəsinə keçid və “VRS” reytinqinin hesablamaları
Bu dəyişikliyin əsas məqsədi heyətin əsasını Asiya regionuna keçirməkdir ki, bu da komandanın qarşıdan gələn “PGL Singapore Major” turnirinə vəsiqə qazanmaq şansını kəskin şəkildə artıracaq. Turnirə dəvətlərin göndərilməsi üçün son tarix noyabrın əvvəlinə planlaşdırıldığı üçün rəhbərlik operativ addım atmaq məcburiyyətində qalıb.
“Valve Ranking System” (VRS) reytinq statistikası bu addımın məntiqini tam sübut edir. Aktivində 1191 xal olan “BC.Game” Avropa regionunda yalnız 36-cı pillədə qərarlaşır (burada ilk 18 komanda vəsiqə qazanır). Lakin eyni xal miqdarı Asiya regionunda komandaya 4-cü yeri təmin edir və dəvət alan ilk 5 kollektiv sırasına düşməsinə zəmanət verir. Hazırda “BC.Game Esports”un Meycora (Stage 1 mərhələsinə) vəsiqə qazanmaq şansı 86.2% qiymətləndirilir.
Rəhbərliyin şərhi və toksiklik şayiələrinin təkzibi
“BC.Game”in baş icraçı direktoru Ali Muhanned bu qərarın yalnız turnir ambisiyaları ilə bağlı olduğunu vurğulayıb. O, sosial şəbəkələrdə Şaripovun toksikliyi ilə bağlı yayılan şayiələri təkzib edərək, “electroNic”in komandanın en vacib oyunçularından biri olduğunu və kollektivdə həmişə müsbət atmosfer yaratdığını bildirib.
“Bunun electroNic-in şəxsi ilə heç bir əlaqəsi yoxdur. Əgər Meycora qədər daha çox vaxtımız olsaydı, komanda hələ çox yeni olduğu üçün ona mütləq daha çox vaxt verərdim”, — deyə Muhanned əlavə edib.