“ESL Pro League Season 24” start götürür: 16 komanda 1 milyon dollar uğrunda mübarizə aparacaq

0 comments

Bu gün, 3 oktyabr tarixində Polşanın Katovitse şəhərində “Counter-Strike 2” üzrə mövsümün ikinci yarısının əsas turnirlərindən biri olan “ESL Pro League Season 24” start götürür. Doqquz gün ərzində 16 komanda 1 000 000 dollar məbləğində ümumi mükafat fondu uğrunda mübarizə aparacaq.

Builki “ESL Pro League” tam olaraq LAN formatında təşkil olunacaq. Qrup mərhələsi 3–7 oktyabr tarixlərində keçiriləcək, bundan sonra isə ən yaxşı səkkiz kollektiv pley-offda mübarizəni davam etdirəcək. Turnirin həlledici hissəsi 9–11 oktyabr tarixlərində Katovitsedəki “Spodek Arena”da baş tutacaq. Bu, “ESL Pro League” üçün də xüsusi an hesab olunur — liqa 2019-cu ildən bəri ilk dəfə olaraq final mərhələsini canlı tamaşaçı auditoriyası qarşısında böyük arena şousu formatında keçirəcək.

Yarışın iştirakçıları və formatı

“ESL Pro League Season 24” turnirində 16 komanda mübarizə aparacaq:

  • “Team Spirit”
  • “Team Vitality”
  • “FURIA”
  • “MOUZ”
  • “Falcons”
  • “Legacy”
  • “G2 Esports”
  • “Aurora”
  • “Natus Vincere”
  • “BetBoom Team”
  • “9z Team”
  • “PARIVISION”
  • “M80”
  • “TYLOO”
  • “1win”
  • “ShindeN”

İştirakçılardan 12 komanda “VRS” qlobal reytinqinin nəticələrinə əsasən dəvət alıb, daha dörd kollektiv isə regional “ESL Challenger League” turnirlərindən vəsiqə qazanıb.

Bu dəfə “ESL” turnirin strukturunda dəyişiklik edib. Bütün 16 komanda çıxışlarına İsveçrə sistemli mərhələdən başlayacaq. Hər bir qarşılaşma “Best-of-3” formatında keçiriləcək. Pley-offa yüksəlmək üçün komandaya üç qələbə lazımdır, üç məğlubiyyət isə yarışla vidalaşmaq deməkdir. Ümumilikdə növbəti mərhələyə ən yaxşı səkkiz kollektiv adlayacaq.

Pley-offda komandalar “Single-Elimination” (birdəfəlik kənarlaşma) sistemi ilə oynayacaqlar. Dörddəbir finallar, yarımfinallar və üçüncü yer uğrunda matç Bo3 formatında, qrand-final isə “Best-of-5” formatında keçiriləcək.

İlkin matçlar və mükafat fondu

“ESL Pro League Season 24“ün ilk turunda səkkiz qarşılaşma baş tutacaq. Onların arasında “G2” — “Natus Vincere”, “Team Spirit” — “ShindeN”, “Team Vitality” — “1win” və “MOUZ” — “M80” qarşıdurmaları diqqət çəkir. Həmçinin “Falcons” — “TYLOO”, “Legacy” — “PARIVISION”, “Aurora” — “9z Team” və “FURIA” — “BetBoom Team” cütlükləri də üz-üzə gələcək.

Turnirin ümumi mükafat fondu 1 000 000 dollar təşkil edir. Çempion oyunçular üçün 125 000 dollar, klub mükafatı kimi isə 170 000 dollar əldə edəcək. İkinci yerin sahibi 50 000 dollar oyunçu mükafatı və 125 000 dollar klub mükafatı qazanacaq.

Pul mükafatı və nüfuzlu kubokdan əlavə, komandalar “ESL Grand Slam VII” yarışı üçün xallar uğrunda da mübarizə aparacaqlar. Turnir həmçinin komandaların reytinq mövqeləri və gələcək böyük yarışlara dəvətləri üçün böyük əhəmiyyət kəsb edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın