“Bethesda Softworks” nəşriyyatı “Nintendo Switch 2” kitabxanasını zənginləşdirməyə davam edir. Şirkət populyar macəra-ekşn janrındakı “Indiana Jones and the Great Circle” oyununu yeni nəsil portativ konsol üçün istifadəyə verib.
Xatırladaq ki, oyun ilk dəfə 2024-cü ilin dekabrında debüt etmiş, 2025-ci ildə isə “PlayStation 5” platformasına gəlmişdi. İndi isə əfsanəvi arxeoloqun macəralarına “Switch 2” sahibləri də qoşula biləcəklər.
Buraxılış münasibətilə tərtibatçılar yeni treyler təqdim ediblər. Oyunu artıq bitirənlər üçün burada yeni nəsə olmasa da, yeni başlayanlar üçün süjet bir daha xatırladılır: İndiana Cons dünyanın müxtəlif nöqtələrində yerləşən sirli tikililər kompleksinin — “Böyük Çevrə”nin (Great Circle) sirrini açmağa çalışır.
Oyunçuları qarşıda müxtəlif tapmacalar, qədim məqbərələrin tədqiqi, faşist və nasistlərlə döyüşlər, həmçinin franşizaya xas olan yumor və kinematoqrafik atmosfer gözləyir.
Texniki göstəricilərə gəldikdə, layihə “Switch 2” konsolunda stabil 30 FPS sürəti ilə işləyir. Bəzi bloqerlərin fikrincə, oyunun müəyyən vizual məqamları hətta “Xbox Series S” versiyasından daha yaxşı görünür.
“Indiana Jones and the Great Circle” oyununu “Switch 2” üçün həm rəqəmsal formatda, həm də fiziki kartriclərdə əldə etmək olar. Qeyd edək ki, oyunun bütün məlumatları daşıyıcıya yazılıb, buna görə də əlavə yükləmələrə ehtiyac yoxdur.