“Kingdom Come: Deliverance” oyununun ruhunu yaşadan orta əsr ətirli yeni parfüm təqdim olundu

by Nigar Məmmədova
0 comments

Kingdom Come: Deliverance” oyununun yaradıcıları fanatlarını qeyri-adi suvenir növü ilə təəccübləndirmək qərarına gəliblər. Belə ki, oyunun atmosferini əks etdirən xüsusi parfüm satışa çıxarılıb. Müəlliflər məhsulun özəlliyini bu cümlə ilə vurğulayırlar: “Bu, sadəcə uzaqdan gələn hansısa notlar deyil, artıq tanış olduğunuz bir dünyanın hissələridir”.

Ətrin müəllifi olan parfümer Martin Şvax əsas qəhrəman Henrinin səyahətlərindən ilhamlanıb. Oyunda Henri iksirlər hazırlamaq üçün adaçayı, çobanyastığı və lavanda toplayır, komandir Yan Jijkanın tapşırıqlarını yerinə yetirərkən isə güc toplamaq üçün alma və baldan istifadə edir. Məhz bu elementlər ətrin kompozisiyasının əsasını təşkil edib.

Parfüm “Kintsugi Perfumes” brendi ilə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilib. Sözügedən brend öz məhsullarını gender neytral (uniseks) və Fransız parfümeriya ənənələri ilə Şərq fəlsəfəsinin vəhdəti kimi təqdim edir.

KKD

Ətir mürəkkəb struktura malikdir. Üst notlarda alma, lavanda və nanə hiss olunur. Ürək notlarını çobanyastığı, qızılgül, mürvər, bal və adaçayı təşkil edir. Baza notları isə ladan, dəri, papirus və tozağacı aromatı ilə tamamlanır.

Məhsulun səhifəsində ətrin fəlsəfəsi bu sözlərlə təsvir olunub: “Əsrlər keçir, krallıqlar qurulur və süqut edir, lakin varlığın mahiyyəti dəyişməz qalır. Onun sözlərə ehtiyacı yoxdur. O, hələ ilk kəlmə deyilməmişdən öncə özünü hiss etdirir”.

Parfümü oyunun rəsmi suvenir mağazasından 156 avroya əldə etmək mümkündür. Hazırda çatdırılma yalnız Avropa daxilində həyata keçirilir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın