CS2-yə 6 ilini həsr edən rəssamdan etiraf: “Buna dəyməzdi”

by Nigar Məmmədova
0 comments

“React” ləqəbli rəssam altı il boyunca öz dizaynlarını “Workshop” (yaradıcılıq emalatxanası) bölməsinə göndərib. Nəhayət, “Valve” şirkəti onun “Dead Hand” kolleksiyası üçün hazırladığı “Fire-breathing” (Od püskürən) adlı “Desert Eagle” skini (silah görünüşü) üçün razılıq verib. Lakin rəssama ödənilən 35,000 dollarlıq məbləğ kiberidman ictimaiyyətində böyük mübahisələrə yol açıb. Əsas sual budur: “Valve” hazırda “Counter-Strike” iqtisadiyyatını quran insanlara nə qədər ödəyir?

Faiz payından sabit ödənişə keçid

Əvvəllər skin müəllifləri “royalty” (satışdan gələn pay) sistemi ilə qazanırdılar. Yəni oyunçular keysləri (qutuları) açdıqca, müəlliflər hər satışdan müəyyən faiz əldə edirdilər. Tanınmış dizaynerlər tək bir skin sayəsində milyonlarla dollar qazana bilirdilər. Lakin bu model artıq tarixə qovuşub. İndi “Valve” müəllifə bir dəfə sabit məbləğ ödəyir və gələcəkdə həmin skindən gələn bütün gəlirləri özünə saxlayır. Beləliklə, potensial 1,000,000 dollarlıq gəlir yerini cəmi 35,000 dollarlıq birdəfəlik ödənişə verib.

React əslində nə deyib?

“React”ın reaksiyası əslində kəskin deyildi. O, “X” platformasında bildirdi ki, nəticədən razıdır, lakin bu məbləğ əvvəlki ödəniş sxemlərindən xeyli fərqlənir. “Mən hələ də xoşbəxtəm, amma altı il boyunca mütəmadi rədd cavabı almağın nə demək olduğunu kimsə anlaya bilməz”, — deyə o vurğulayıb.

Sənaye üçün böyük problem

“Workshop” icması bu hadisəyə son illərin ən böyük etirazı ilə cavab verib. Rəssamlar baş verənləri “sənayeyə vurulan zərbə” adlandırır və əvvəlki gəlir modelinin bərpasını tələb edirlər. “Valve” hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib. “React”ın hekayəsi oyun sənayesində bir vaxtlar rəssamlar üçün ən əlverişli olan iqtisadi sistemin səssizcə necə çökdüyünü nümayiş etdirir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın