Beynəlxalq Olimpiya Komitəsi Kiberidman Komissiyasının fəaliyyətini dayandırır

by Nigar Məmmədova
0 comments

Beynəlxalq Olimpiya Komitəsi (BOK) özünün Kiberidman Komissiyasının fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bu addım gələcəkdə keçirilməsi planlaşdırılan Olimpiya Kiberidman Oyunlarının taleyini böyük sual altına qoyur. Bu barədə məlumatı Yaponiyanın “Kyodo” xəbər agentliyi yayıb.

Qurumun kursundakı bu kəskin dəyişiklik 2025-ci ilin iyun ayında BOK-un prezidenti vəzifəsinə seçilən Kirsti Koventri ilə əlaqələndirilir. Məlumata görə, yeni rəhbər ənənəvi idman növlərinin qorunub saxlanılması istiqamətində daha mühafizəkar mövqe nümayiş etdirir.

Yanvarın sonunda Koventri komissiya üzvlərinə göndərdiyi rəsmi ismarıcda qeyd edib: “Bu istiqamətin gələcək inkişafı üçün məsuliyyəti öz üzərimə götürürəm. Növbəti mərhələdə bizə Olimpiya hərəkatının ümumi strategiyasına tam uyğun gələn daha inteqrasiya olunmuş bir yanaşma lazım olacaq”.

Xatırladaq ki, Olimpiya Kiberidman Oyunları ideyası BOK-un keçmiş prezidenti Tomas Bax tərəfindən 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı anons edilmişdi. İlkin strategiya Səudiyyə Ərəbistanı ilə 12 illik tərəfdaşlığa əsaslanırdı və debüt turnirinin 2025-ci ildə keçirilməsi nəzərdə tutulurdu.

Lakin 2025-ci ilin fevralında yarış modelini daha yaxşı hazırlamaq məqsədilə ilk oyunların keçirilmə tarixi 2027-ci ilə sürüşdürüldü. Həmin ilin 30 oktyabr tarixində isə BOK və Səudiyyə Ərəbistanı rəsmən tərəfdaşlığa xitam verdiklərini elan etdilər. Tərəflər kiberidman ambisiyalarını ayrı-ayrılıqda inkişaf etdirmək qərarına gəliblər. Hazırda Səudiyyə Ərəbistanı bütün diqqətini “Esports Nations Cup” turnirinə yönəldib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın