Sentyabrın 15-də “Valve” “Dota 2” üçün balans yenilənməsi olan 7.41f pəçini çıxardı. Tərtibatçılar bir neçə qəhrəmanın və əşyanın göstəricilərini tənzimləyib, həmçinin bir sıra xətaları (bug) aradan qaldırıblar. Bu dəfə ümumi sistem dəyişiklikləri edilməyib.
Əşyalar arasında “Daedalus”, “Dragon Lance”, “Heart of Tarrasque”, “Octarine Core” və “Heaven’s Halberd” reseptlərinin qiyməti bahalaşıb.
“Infused Raindrops”, “Essence Distiller”, “Manta Style”, “Mask of Madness”, “Mjollnir”, “Satanic”, “Shiva’s Guard” və “Silver Edge” kiçik zəiflədilmələrə (nerf) məruz qalıb. Neytral əşyalardan yalnız “Greedy” tilsimi dəyişdirilib — hücumlardan gələn zərərin azaldılması 30/60-dan 35/70-ə qədər gücləndirilib.
Qəhrəmanlar üzrə balans
Qəhrəmanlar arasında ən çox dəyişiklik “Bounty Hunter”, “Earth Spirit”, “Treant Protector”, “Invoker” və “Underlord”a şamil olunub:
- Bounty Hunter: “Track” qabiliyyətindən gələn əlavə qızıl miqdarı azaldılıb.
- Earth Spirit: Baza hücum sürəti və “Stone Remnant” yük (charge) sayı azaldılıb.
- Treant Protector: Baza göstəricilərinin bir hissəsini itirib, “Leech Seed” və “Living Armor” bacarıqları zəiflədilib.
- Invoker: “Cold Snap” bacarığının yenidən yüklənmə müddəti (cooldown) 18-dən 19 saniyəyə qaldırılıb. “Aghanim’s Shard” ilə “Ghost Walk”un dövri zərəri artıq yalnız qəhrəmanlara təsir edir.
- Underlord: “Aghanim’s Scepter” vasitəsilə “Pit of Malice” radiusunun artması ləğv edilib, lakin bu əşya ilə “Fiend’s Gate” daha tez bərpa olunur.
Digər düzəlişlər
Balans dəyişiklikləri ilə yanaşı, “Valve” Roşan (Roshan), əşyaların satışı, “Tranquil Boots” və bir neçə qəhrəmanın (“Bane”, “Bounty Hunter”, “Elder Titan”, “Lone Druid”, “Lina”, “Spirit Breaker”, “Timbersaw”) bacarıqları ilə bağlı yaranan xətaları aradan qaldırıb.