“ESL” təşkilatı “ESL Pro Tour” qaydalarında dəyişikliklər edib. Bu yeniliklər, xüsusilə “DreamLeague” və “Esports World Cup” (EWC) turnirlərinin keçirilməsinə birbaşa təsir göstərəcək.
Yeniliklərdən biri Şimali Amerika təmsilçilərinə aiddir. Bundan sonra onlar üçün müstəqil regional təsnifat mərhələləri keçirilməyəcək. Şimali Amerika komandaları Cənubi Amerika və Qərbi Avropa regionları istisna olmaqla, hansı regionun seçmə mərhələsində mübarizə aparacaqlarını sərbəst seçə biləcəklər. “ESL” bu komandaların iştirakına görə mövcud slot sayında və ya təsnifat formatında hər hansı dəyişiklik etməyəcəyini bildirib.
Təşkilatçılar həmçinin klublara alternativ ad və brendinqdən istifadə etməyə icazə veriblər. Bu addım əsas brendin və ya loqotipin yerli qanunvericilik, yaxud platforma qaydaları tərəfindən qadağan olunduğu hallarda — xüsusilə də qamblinq sektoru ilə əlaqəli komandalar üçün keçərlidir.
Lakin alternativ brend orijinaldan əhəmiyyətli dərəcədə fərqlənməlidir. Sadə ad dəyişikliyi, yaxud loqotip və rənglərdə kiçik düzəlişlərin edilməsinə icazə verilməyəcək. Bundan əlavə, təqdim olunan yeni brend variantı mütləq “ESL” tərəfindən təsdiqlənməlidir.
Yeni qaydalar artıq “DreamLeague” və “Esports World Cup” kimi böyük yarışları əhatə edən “ESL Pro Tour” sistemində qüvvəyə minib.