2025-ci ilin payızında buraxılması gözlənilən Grand Theft Auto 6 oyunu oyun sənayesində əməlli-başlı səs-küy yaradıb. Oyunun dəqiq çıxış tarixi hələ açıqlanmasa da, artıq bir neçə iri yayımçı öz layihələrinin reliz tarixlərini dəyişdirməyi və ya təxirə salmağı planlaşdırır. Səbəb isə sadədir – GTA 6 ilə eyni vaxtda bazara çıxmaq risklidir.
The Game Business nəşrinin məlumatına görə, bir sıra oyun istehsalçıları və yayımçıları strateji qərarlar qəbul edir. Onlardan bəziləri planlaşdırılmış relizlərini başqa tarixə keçirir, digərləri isə canlı xidmət əsasında işləyən oyunlara nəzərdə tutulan böyük yeniləmələri təxirə salır.
Bununla bağlı bir şirkətin rəhbəri belə deyib:
“Biz GTA 6 ilə eyni dövrdə olmaq istəmirik. Fərqli layihələrimiz üçün bir neçə ehtiyat planımız var.”
Digər sənaye nümayəndələri də qeyd edir ki, hətta GTA 6 olmasa belə, reliz üçün uyğun vaxt seçmək çox çətindir. Bir Avropa AAA-yayımçısının yüksəkvəzifəli şəxsi bildirir:
“Oyunu GTA 6-dan əvvəl buraxsan, dolu yay bazarı ilə rəqabət aparırsan. Əgər geciksən, bu dəfə ‘Qara Cümə’ endirimlərinə düşürsən. Hər iki halda da risk var.”
Belə görünür ki, sənaye GTA 6 oyununu bir növ “nəhəng meteorit” kimi qəbul edir və hər kəs onun zərbə zonasından yayınmağa çalışır.
Təxirə salınmalar yalnız kiçik və orta studiyalarla məhdudlaşmır. Elektron Arts-ın baş direktoru Endryu Vilson da bu ilin əvvəlində növbəti Battlefield oyununun reliz tarixinin dəyişə biləcəyini və bunun arxasında “böyük gələcək reliz”in dayandığını bildirib. İzləyicilər bu qeydin GTA 6 ilə bağlı olduğunu düşünür.
Amma burada başqa bir təhlükə də var: GTA 6-nın özü də 2026-cı ilə təxirə salına bilər. Bu isə digər oyun istehsalçılarının reliz planlarını bir daha alt-üst edə bilər.
Bir yayımçının sözlərinə görə:
“Əgər biz oyunumuzu 2025-dən təxirə salsaq və Rockstar da eyni addımı atsa, nə olacaq? Hər şeyi yenidən dəyişməli olacağıq? Bu, ciddi gərginlik yaradır.”