“EA” şirkəti 12 may tarixində start götürəcək “Battlefield 6“nın üçüncü mövsümünə həsr olunmuş rəsmi geympley treylerini yayımlayıb. Videoda yenilənmiş xəritələr, yeni silah arsenalı və bir döyüşçünün təkbaşına bütün matçın taleyini dəyişdirdiyi anlar nümayiş olunub.
Klassik xəritələrin qayıdışı: “Cairo Bazaar” və “Railway to Golmud”
Yeni mövsümdə oyunçuları “Battlefield 3” və “Battlefield 4” seriyalarından tanıdıqları iki yenilənmiş xəritə gözləyir. Əfsanəvi “Golmud Railway” xəritəsi “Railway to Golmud” adı ilə geri qayıdır. Seriyanın digər populyar xəritəsi “Grand Bazaar” isə “Cairo Bazaar” olaraq yenidən dizayn edilib və mövsümün ortasında oyuna əlavə olunacaq. Hər iki xəritə müasir oyun mühərrikinə uyğunlaşdırılıb və daha genişmiqyaslı dağılma mexanikası (destruction) ilə təmin edilib.
Arsenalını genişləndirmək istəyən oyunçular üçün yeni mövsümdə L115, M16A4, RPK-74M və PP-19 silahları əlçatan olacaq. Silahlarla yanaşı, oyuna yeni personaj modelləri də əlavə ediləcək ki, bu da vizual müxtəlifliyi artıracaq.
“Obliteration” rejimi və reytinqli yarışlar
“Battlefield 4″ün sevilən rejimlərindən biri olan “Obliteration” (Məhv etmə) yenidən oyuna daxil edilir. Bu rejimdə əsas hədəf bombanı rəqibin bazasına çatdırmaq və partlayış baş verənə qədər mövqeyi müdafiə etməkdir. Bundan əlavə, oyunun “REDSEC” bəttl-royal (battle royale) rejimi üçün çoxdan gözlənilən reytinqli (ranked) variant təqdim olunacaq.
“Battlefield 6” hazırda “EA” üçün böyük kommersiya uğuru hesab olunsa da, ekspertlər 2026-cı ilin sonuna doğru “Call of Duty” seriyasının yeni buraxılışı ilə ciddi rəqabətin yaranacağını proqnozlaşdırırlar.