CS2 üzrə “PGL Astana 2026” turnirinin dördüncü gününün son qarşılaşmaları pley-offun növbəti iştirakçısını və yarışla vidalaşan daha bir komandanı müəyyənləşdirib.
FURIA pley-off vəsiqəsini təmin etdi
2:1 səbətində Braziliyanın FURIA komandası İspaniyanın Gentle Mates kollektivi üzərində 2:1 hesablı qələbə qazanaraq adını pley-off mərhələsinə yazdırıb. İspanlar isə son şanslarını sınaqdan keçirmək üçün 2:2 səbətinə düşüblər.
Braziliyalılar “Nuke” (13:11) və “Inferno” (13:6) xəritələrində daha güclü görünsələr də, ikinci xəritə olan “Overpass”da 10:13 hesabı ilə məğlub olublar. Matçın ən yaxşı oyunçusu 1.44 reytinqlə Daniil “molodoy” Qolubenko olub. O, xüsusilə həlledici “Inferno” xəritəsində 1.87 reytinqlə möhtəşəm oyun nümayiş etdirib.
G2 dramatik qələbə ilə yarışı davam etdirir
1:2 səbətində yer alan G2 komandası Rusiyanın pvision kollektivi ilə gərgin mübarizədən qalib ayrılıb (2:1). Bu nəticə ilə ruslar turniri tərk edib, G2 isə pley-off ümidlərini qoruyaraq 2:2 səbətinə yüksəlib.
Qalibi müəyyən etmək üçün üç xəritəyə ehtiyac yaranıb. G2 öz seçimi olan “Mirage”də inamlı qələbə (13:5) qazansa da, rəqibin seçdiyi “Dust2″də 11:13 hesabı ilə uduzub. Hər şey həlledici “Ancient” xəritəsində bəlli olub: əlavə vaxta qədər uzanan matçda G2 rəqibini 16:12 hesabı ilə sıxışdıraraq evə yola salıb.
Turnir haqqında məlumat: “PGL Astana 2026” turniri 9-17 may tarixlərində Qazaxıstanın paytaxtındakı “Barys Arena”da keçirilir. Yarışda iştirak edən 16 komanda ümumi 1,600,000$ məbləğində mükafat fondu uğrunda mübarizə aparır. Fondun 800,000 dolları birbaşa oyunçulara, qalan 800,000 dolları isə kiberidman klublarına ödəniləcək.