Şahmat üzrə keçmiş dünya çempionu Maqnus Karlsen “Grand Chess Tour” (GCT) 2026 seriyasında iştirak etməyəcək. Norveçli qrossmeyster seçimini “Esports World Cup” (EWC) çərçivəsində keçiriləcək şahmat turnirinin xeyrinə edib. Buna səbəb hər iki mötəbər yarışın tarixlərinin bir-biri ilə kəsişməsidir.
GCT seriyası bu il mayın 3-dən avqustun 28-dək dörd fərqli məkanda təşkil olunacaq. “Chess at Esports World Cup 2026” yarışları isə 11–15 avqust tarixlərinə təyin edilib. Bu qrafik şahmatçıların eyni vaxtda hər iki turnirdə mübarizə aparmasını qeyri-mümkün edir.
Məsələ ilə bağlı tanınmış qrossmeyster Hikaru Nakamura öz canlı yayımında məlumat verib. Onun sözlərinə görə, o özü, həmçinin Alireza Firuzca və Maqnus Karlsen qrafiklərin üst-üstə düşməsi səbəbindən məhz EWC-də çıxış etmək qərarına gəliblər.
Şahmatçıların bu seçiminə mükafat fondları arasındakı kəskin fərqin təsir etdiyi ehtimal olunur. Belə ki, “Esports World Cup 2026″da şahmat üzrə 1,5 milyon dollar mükafat fondu oynanılacaq, GCT seriyasında isə bu məbləğ cəmi 100 min dollar təşkil edir.