Braziliyalı siyasətçilər arasındakı mübahisə “Dota 2” matçı ilə yekunlaşa bilər

by Nigar Məmmədova
0 comments

Braziliyada siyasətçilər arasında sosial şəbəkələrdə başlayan qeyri-adi mübahisə gözlənilməz məcraya yönəlib: tərəflər məsələni “Dota 2” meydanında həll etməyə hazırlaşırlar. Mübahisə “X” platformasında (keçmiş Twitter) baş verib.

Rio-de-Janeyronun oyun və kiberidman departamentinin rəhbəri Çandi Teyşeyra bəzi siyasətçiləri seçkiqabağı populyarlıq qazanmaq üçün oyun dünyasından sui-istifadə etməkdə günahlandırıb:

“Oyun ictimaiyyəti artıq öz siyasi nümayəndələrini seçməyə başlamalıdır. Sadəcə seçki ərəfəsində kiberidman forması geyinən və ya ‘Dota’ oynayanları yox. Bu camiə kimin real iş gördüyünü, kimin isə mövzunu istismar etdiyini anlayacaq qədər yetkindir.”

“Nemesis” komandasının məşqçisi Filipe Astini isə bu ittihamlara qarşı çıxaraq siyasətçi Kim Kataqirini müdafiə edib:

“Kim seçki dövründən asılı olmayaraq tez-tez ‘Dota’da görünür. Əgər o, sadəcə insanların xoşuna gəlmək istəsəydi, ‘LoL’ oynayardı. ‘Dota’ oynamaq mövzudan istifadə etmək deyil. Mənə elə gəlir ki, sən özün nümunə gətirərkən hədəfdən yayındın.”

Teyşeyra isə tənqidinin ünvanlı olduğunu gizlətməyib:

“Mənim sözüm məhz onadır. Bu cür şou xarakterli hərəkətlərlə qazanılan səslərin müqabilində görülən işlər çox azdır.”

Mübahisəyə “Braziliya İttifaqı” partiyasının deputatı Kim Kataqiri özü qoşulub və rəqibinə meydan oxuyub:

“Ha-ha-ha! Yanına daha dörd dostunu al və mənim komandama qarşı oyna. Mən ‘mid’ xəttinə keçəcəyəm, sən də həmçinin. Əgər xətti və ya matçı udsan, mən deputat mandatımdan imtina edəcəyəm. Braziliya tarixində ‘March of the Games’ yürüşünü təşkil edən yeganə konqresmen kim olub?”

Kataqiri həmçinin “Steam”dən skrinşot paylaşaraq “Dota 2” oyununda 4300 saatdan çox vaxt keçirdiyini sübut edib.

Çandi Teyşeyra təklifdən birbaşa imtina etməsə də, komanda toplamağın çətin olacağını bildirib. Kim isə rəqibinin bu cavabını ələ salaraq onun çağırışdan qaçdığına işarə edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın