Məşhur Dota 2 oyunçusu, ikiqat The International finalçısı Roman “Resolut1on” Fominok Dota 2 üçün ilk AI (süni intellekt) əsaslı məşqçi layihəsini təqdim edib. Bu, oyun tarixində bu formatda yaradılmış ilk fərdi təlimçi sayılır.
Fominokun sözlərinə görə, layihə altı aylıq inkişaf dövrü və 30–40 min dollar investisiya nəticəsində ərsəyə gəlib. O, bu ideyanın şəxsi təcrübəsindən qaynaqlandığını bildirib:
“Uzun müddət özümə məşqçi tapa bilmirdim. Oyunumun gedişinə nəzarət edən, məsləhətlər verən və inkişaf etməyimə kömək edən şəxsi məşqçim olmasını çox istəyirdim. Solo rejimdə irəliləmək çox çətindir.”
AI-məşqçi necə işləyir?
Hazırda sistem oyunçunun statistikasını təhlil edərək ümumi tövsiyələr verir. Lakin test mərhələsində AI-məşqçinin bəzən oyunçunun reytinqini səhv müəyyən etdiyi və matç analizini dərin şəkildə aparmaqda çətinlik çəkdiyi müşahidə olunub. Bu səbəbdən məhsul hələlik sadə səviyyəli chatbot funksionallığı nümayiş etdirir.
Yeni xidmət üç fərqli tarif planı ilə təqdim olunur:
- Basic – pulsuz versiya, 5 sual məhdudiyyəti ilə;
- PRO – aylıq $4.99, limitsiz suallar və onlayn görüşlər;
- RESO MASTERMIND – $99.99, PRO planının bütün imkanlarını əhatə edir.
Fominok bildirib ki, gələcəkdə sistem təkmilləşdiriləcək, replay analiz funksiyası, fərdi məşq proqramları və oyun daxilində real vaxtda məsləhətlər kimi xüsusiyyətlər əlavə olunacaq.
Bu təşəbbüs Dota 2 oyunçuları üçün yeni təlim texnologiyalarının başlanğıcı ola bilər və esport təlimində süni intellektin rolunu genişləndirəcək.