Kiberidmanda Dürüstlük Komissiyası (ESIC) “Esports World Cup 2026“da iştirak edən “PlayTime” “Dota 2” komandasının nümayəndələrinə qarşı aparılan təhqiqatı yekunlaşdırıb.
İşin yekunlarına əsasən, Xuan “Vintage” David Anqulo Niço ömürlük diskvalifikasiya olunub, Osvaldo “DarkMago” Errera Martines isə 5 il müddətinə yarışlardan kənarlaşdırılıb. Hər iki sanksiya daha əvvəl tətbiq edilmiş müvəqqəti diskvalifikasiyaları əvəz edib. Oyunçuların Beynəlxalq Oyunlar və Kiberidman Tribunalında (IGET) qərardan şikayət etmək hüququ var.
Təhqiqatın təfərrüatları və “Vintage”in qayda pozuntuları
Təhqiqat iyulun 13-də matçın nəticəsinə təsir göstərmək cəhdi barədə məlumat daxil olduqdan sonra başlayıb. Komissiya oyunçuların və heyətin ifadələrini, yazışmaları, komanda daxili materialları, turnir qeydlərini, bukmeker məlumatlarını və oyun göstəricilərini təhlil edib.
ESIC “Vintage” tərəfindən altı qayda pozuntusunun sübuta yetirildiyini bildirib. O, “Team Liquid”ə qarşı seriyada (0:2) qəsdən məğlub olmaq (“danışılmış matç”) barədə razılığa gəlməkdə, buna görə pul mükafatı almağa razılaşmaqda və başqa bir iştirakçını sxemə cəlb etməyə cəhd göstərməkdə təqsirli bilinib. Həmçinin o, korrupsiya cəhdi barədə məlumat verməyib, ESIC Davranış Məcəlləsini pozub və təhqiqat zamanı natamam məlumat təqdim edib.
Bununla belə, 0:2 hesablı razılaşmanın tam reallaşdırılması və “Vintage”in pul alması faktı sübuta yetirilməsə də, bu, onu manipulyasiya cəhdinə görə məsuliyyətdən azad etməyib. Onun ömürlük diskvalifikasiyası 14 iyul 2026-cı il tarixindən qüvvədədir.
“DarkMago”ya verilən 5 illik cəza və məhdudiyyətlər
“DarkMago”ya gəldikdə, o, danışılmış matçın müzakirəsi zamanı şəxsən iştirak edib və sonradan korrupsiya fəaliyyətini sübut edən mesajlara çıxış əldə etsə də, bu barədə müvafiq qaydada məlumat verməyib. ESIC ona qarşı matçın nəticəsini birbaşa manipulyasiya etmək və ya mükafat almaq ittihamı irəli sürülməyib. O, 14 iyul 2026-cı ildən 13 iyul 2031-ci ilədək 5 il müddətinə diskvalifikasiya olunub.
Sanksiyalar ESIC üzvlərinin turnirlərinə və təşkilat tərəfindən tanınan digər yarışlara şamil edilir. Qadağa oyunçu, ehtiyat oyunçu, məşqçi, analitik, menecer və ya komandanın digər üzvü kimi istənilən rolu əhatə edir.